Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də pavilyonla təmsil olunur.
“Qafqazinfo” xəbər verir ki, Dubayda dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” (“Pioneering sustainable solutions for climate resilience”) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub.
İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir.
Qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35% azaldılması, 2050-ci ildə isə bu hədəfin 40%-ə çatdırılacağına dair öhdəliyi təsdiqləyib və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.
Pavilyonda “Enerji keçidi”, “Ətraf mühit xəritəsi”, “Bərpa olunan enerji”, “Ağıllı kənd” və digər bölmələr fəaliyyət göstərir. İnteraktiv formatdakı “Azərbaycanın Ətraf Mühit Xəritəsi” Milli Parklar, İqlim növləri, Bərpa olunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirir. Hər mövzu mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsini təqdim edir. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının “Qırmızı kitab”ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub. Burada “Qırmızı kitab”a düşmüş və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər haqqında məlumatlar, QHT və dövlət qurumları tərəfindən həyata keçirilən ekoloji layihələr, ölkəmizdəki mina problemi və ekoloji nəticələri barədə məlumat verilir.
Pavilyondakı “Ağac ək” bölməsində isə Ermənistanın işğalı zamanı dağılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusən də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri təqdim olunur. Pavilyonun hər bir ziyarətçisi də planşet vasitəsilə rəqəmsal olaraq ərizə təqdim edərək ağacəkmə (şam və ya zeytun ağacı) təşəbbüsünə qoşula və bununla Qarabağın ekoloji balansının bərpasına dəstək ola bilər. Bu ağaclar Qarabağ bölgəsində - Füzuli şəhərində əkiləcək.