Azərbaycanın ən yeni tarixində uğurlu mərhələ

azerbaycanin-en-yeni-tarixinde-ugurlu-merhele
Oxunma sayı: 1256

“Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. 1993-cü ilin iyun hadisələrindən 30 il keçir. Çoxəsrlik tariximizin hər bir səhifəsi daim təhlil edilməli və gələcək nəsillərə çatdırılmalıdır. Həmin illər tariximizə xaos, anarxiya, özbaşınalıq, bir sözlə, qara səhifə kimi yazılıb.  AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə vəziyyət daha da ağırlaşdı, idarəetmə sahəsində ciddi səhvlər sonrakı proseslərin daha da dərinləşməsini şərtləndirdi. Gəncə hadisələri baş verdi. Cərəyan edən proseslər müstəqillik yollarında yenicə addımlarını atan Azərbaycanı böyük təhlükələrlə üz-üzə qoydu. 1993-cü ilin iyun ayında ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri xalqın istəyi ilə razılaşaraq Ümummilli Lideri rəsmən Bakıya dəvət etməyə məcbur oldular. İyunun 9-da Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi Azərbaycan xalqında sabaha böyük ümidlər yaradıb: “1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da Azərbaycanın ən yeni tarixində növbəti, bu günə qədər davam edən uğurlu bir mərhələ başladı. Reallıq budur ki, əgər Ümummilli Lider o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, yarımmüstəmləkə kimi yaşaya bilərdi. Azərbaycan adlı bir dövlətin dünya xəritəsində mövcudluğundan söhbət gedə bilməzdi. Bu baxımdan 1993-cü il müstəqilliyimizin yenidən bərpasının ilk ili oldu”.  

M.Həsənov qayıdışdan başlanan yolun uğurlarının göz önündə olduğunu vurğulayıb:

“Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi  müraciəti bugünkü Azərbaycanın reallıqlarının başlanğıcı oldu. Azərbaycanın, xalqının  gələcəyini düşünən Ulu Öndər Heydər Əliyev axıra çatdıra bilmədiyi işləri, layihələri  özü qədər inandığı İlham Əliyevin tamamlayacağına əminliyini ifadə etdi. Təbii ki, görüləcək işlər sırasında Azərbaycanın ərazi bütövlüyünün bərpası dayanırdı. 20 ilə yaxın Prezidentlik dövrünün 17 ilini işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hazırlıq işlərinə həsr edən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Cənab İlham Əliyev böyük qürur hissi ilə ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Hadisələrin təhlili Azəırbaycanın müstəqillik yolunun heç də hamar olmadığını, çətinlikləri dəf edərək bugünkü inkişafa, qalibiyyətə gəlib çatdığını təsdiqləyir. Qalib Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil nəyin bahasına  müstəqilliyi qoruyub saxladığımızı, kimə borclu olduğumuzu  bilməlidir”.