Müsahibədən sonra məsələni dərindən bilməyən insanlar tərəfindən ona təzyiqlər olduğunu iddia edən və Seymur Baycanın məsələyə aydınlıq gətirməli oduğunu, məlum kitabı təbliğ edəcəyəm dediyi halda bir status belə yazmadığını deyən gənc yazar Ayxan bununla bağlı ötən axşam "Facebook" səhifəsində də yazıb: "Ay camaat, söhbəti səhv başa düşüb üstümə gəlməyin. Burda söhbət Seymur Baycanın yaradıcılığından getmir. Seymurun kitaba olan həssaslığını da, yazıları ilə düşüncəsinə təsir etdiyi gəncləri də tanıyıram və demək istəyirəm ki, mən də eynen bu yoldayam. Əgər ortada kitab varsa, bu təbliğ olunmalı, oxuculara çatmalıdır. Seymur bəy də mənə bütün bunları edəcəyini demişdi. Ancaq o, bir status belə yazmadı. Ətrafında xeyli gənc var, Seymur isə onları bu işə cəlb etmədi. Onlar da kitabın varlığından xəbərsizdirlər. Başa düşün, Seymur bunu etməliydi, çünki mənim imkanlarım məhduddur. Ona görə mənə olan bu cür münasibəti anlaya bilmirəm. Nə etdim ki, Seymur Baycan mənə verdiyi sözə əməl eləmədi? Qardaş, ikimiz də kitabın oxunmağını istəmirik? Hanı kitab fədaisi idin, hanı hər şeyi özün edəcəkdin? Niyə bu məsələyə aydınlıq gətirmirsən? Susmaqla nə demək istəyirsən?"
“Qafqazinfo” son bir həftədə ədəbi saytlarda, manşet olan məsələylə bağlı bir neçə tanınmış yazar arasında keçirilən sorğunu təqdim edir:
"Azadlıq" qəzetinin köşə yazarı Elnur Astanbəyli bildirib ki, Mənim tanıdığım Seymur heç bir halda pul atmaz:
"Seymuru 10 ildi tanıyıram, bu gün olduğu yerə hansı mənəvi və maddi burulğanlardan çıxaraq gəldiyini bilirəm. Onu da bilirəm ki, öz həyat təcrübəsi ona özündən sonrakı istedadlı, işıqlı yaradıcı gəncliyə bacardığı dəstəyi göstərməyi öyrədib. Nə qədər gənc yazarın yetişməsində, zövqünün, dünyagörüşünün formalaşmasında misilsiz rol oynayıb. Yəni onun hansısa gəncin haqqını yeyəcəyini ağlımın ucundan belə keçirə bilmirəm. Ona görə də gənc yazar dostumuzun Seymur Baycana ittihamı mənim üçün gözlənilməzdir. Bu barədə sizdən eşitdikdən sonra Seymurla da danışdım, onun da öz əks-arqumentləri var. Ehtiyac duysa, onları Seymurun özü dilə gətirə bilər. Əgər dilə gətirmirsə, bu onun tərcihidir, görünür, özünü qətiyyən suçlu bilmir, Ona görə də bu ittihamdan narahat deyil. Konkret bu mübahisə ilə bağlı mənim fikrimə gəldikdə, düşünürəm ki, bu cür anlaşılmazlıqlar “çiy söhbət”in nəticəsidir. Əvvəldən dəqiq müəyyən edilməlidir ki, hər hansı kitabın redaktəsi, təcüməsi, nə bilim, başqa işlərinə görə haqqını necə alacaqsan, yəni bu, qonorarmı olacaq, yoxsa satışdan gələn puldan payına düşənmi? Bu əvvəlcədən müəyyənləşdirilməli, necə deyərlər, şərt şumda kəsilməlidir ki, sonradan xırmanda yabalaşma olmasın. Əgər indi bir kitab tərcümə edilibsə, tərcüməçiyə də o kitabın satılıb pul gətirəcəyi, həmin puldan da haqqını alacağı vəd verilibsə, amma kitabın bədii və tərcümə keyfiyyəti yaxşı olduğu halda satılmırsa, burada “filankəs mənə pul atıb” demək yanlışdır, “pul atan” biri varsa o da kütlədir ki, min cür mənasız işə pul xərcləyə bilir, di gəl bir kitabı almağa qıymır, həmin kitaba çəkilən zəhmət qarşılıqsız qalır. Yox, əgər gənc yazar qardaşımız düşünürsə ki, mübahisə predmeti olan kitab yaxşıca satılıb, amma onun haqqı çatmayıb, bax öncə bu konkretliklə ortaya qoyulmalıdır, yalnız ondan sonra daha dəqiq, birbaşa danışa bilərik."
"Yeni Müsavat" qəzetinin köşə yazarı Zamin Hacı isə məsələdən xəbərsiz olduğunu və münasibət bildirmək istəmədiyini deyib. Sədəcə onu qeyd edib ki, Seymur Baycanın tərcüməyə görə pul vədi hər hansı sənədlə təsdiqlənmirsə, heç nə etmək olmaz.
"O, bir gənci aldadıbsa, düzgün iş görməyib. Amma yenə deyirəm onların ikisi arasında nə çapda söhbətin olduğunu mən bilmirəm."
Qazaxda yaşayan yazıçı, şair Bəxtiyar Hidayətsə məsələylə bağlı Seymur Baycanın özünün münasibət bildirməsini daha məqsədə uyğun sayıb.
"Seymur özü açıqlama versə yaxşı olardı. Yoxsa mətbuata məhəl qoymayan məmurların yerişini yerimiş olacaq. O facebook statuslarında harda çay içdiyini belə qeyd edir. Yəqin bu qədər ciddi ittihama da cavab verər. Reklama söz verən Seymur, həm də reklamdan boyun qaçırıb. Ən azından facebook səhifəsində bircə status yazsa yaxşı olar. Nəsə Seymurun özü açıqlama versə yaxşıdı. Mən siyasətə qarışmaq istəmirəm. (Gülür)"
Sual ünvandığımız tanınmış yazarlar arasında olan "Müsavat.com"-un redaktoru Xalid Kazımlı və başqaları işin içini bilmədikləri üçün münasibət bildirmək istəmədilər.
Hikmət Carçılı Orhun