Azərbaycanın üç boksçusu dünya çempionatının yarımfinalında

azerbaycanin-uc-bokscusu-dunya-cempionatinin-yarimfinalinda
Oxunma sayı: 204

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı mərhələni qələbə ilə başa vurub.

Sübhan Mamedov (48 kq) Şodiyorjon Melikuzyevdən (Özbəkistan) güclü olub. Avropa çempionumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda Sahil Alahverdovi (Gürcüstan) ilə döyüşəcək.

Alfonso Dominqes (92 kq) də 1/4 finaldan qalib ayrılıb. Dünya çempionumuz Andrey Zaplitnini (Moldova) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Dominqes növbəti görüşündə Turabek Xabibullayevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Abdullayev (+92 kq) isə Dovlet İslamov (Türkmənistan) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). Dünya çempionatının mükafatçısı yarımfinalda David Surovu (Rusiya) sınağa çəkəcək.

Hər 3 boksçu yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.