Türkiyə media-televiziyasında, modasında kəskin tənqidləri ilə tanıdığımız, xanımların bəyənərək izlədiyi “Bu gün ne giysem?” proqramının münsif heyəti, ekrandan göründüyü kimi realda da çox pozitiv və səmimi insan olan məşhur modelyer Hakan Akkaya ilə olduqca xoş keçən söhbətimizi “Qafqazinfo” oxucuları üçün təqdim edirik:
-Memarlıqdan Modaçılığa. Bildiyim qədəri ilə “Ankara Bilkent Üniversitesi Mimarlık Bölümü”ndə oxumusunuz. Daha sonra oranı tərk edib, ardından “İstasyon Sanat Merkezi-moda eğitimi” almısınız. Bu necə və niyə oldu, qısaca tarixi?
-İlk öncə ailəm razı olmadı, mən də memarlıq oxudum məcburən. Daha sonra olmayacağını anladım, yarıda kəsib moda sənəti üzrə oxumağa qərar verdim.
-Bəs qərar verdiyiniz dönəm, artıq bu sənətə başlayanda ailəniz necə oldu razılaşdı?
-Başdan qarşı çıxmalar oldu. Amma bu sənəti daha yaxşı bacardığımı gördükcə rəhmətlik anam və atam da məndən üzr istədilər. Keşgə ilk gündən yanında olsaydıq, dəstəkləsəydik dedilər.
-Xoş gəlmisiniz bu arada. Müşahidə edə bilmisinizmi? Türkiyə ilə Azərbaycan xanımlarını müqaisə edəndə bizdə bəyənmədiklərinizi sadalayın. Amma rica edirəm, qonağımız olduğunuz üçün xoş görülü davranıb nələrinsə üstündən keçməyin.
-(gülür) Mən deyərəm, məni bilirsiniz də, nə varsa birbaşa deyənəm. (gülür)
-Çıxıb gəzirsiniz hərhalda şəhərimizdə.
-Hə gəzirəm, sağ olsun dəvət edən xanım dostum hər dəfə gəzdirir məni. Artıq Bakı mənim ikinci şəhərim oldu. Məsələn, gedirəm 10 gün sonra yenə gəlirəm. (gülümsünür)
-Nə gözəl, buna şadıq. Sizin bir jurnalist yazarınız Bakı haqqında öz təəssüratlarını və bizim qadınlarımızdan köşə yazmışdı. Orda xüsusi vurğuladığı: “Azərbaycan qadını gündəlik həyatda çox hallarda hündür daban ayaqqabı geyinir, sanki toya gedirlər.”- kimi bir yanaşması vardı. Siz necə müşahidə edirsiniz?
-Mən qadının hündürdaban ayaqqabı geyinməsinə qarşı deyiləm, əksinə tərəfdarıyam. Qadın qadınlığını göstərən şeylərdən istifadə etməlidir. Qadın hündürdaban ayaqqabı da geyinməlidir, saçına və makiyajına da diqqət etməlidir. Qadın yatağından durduğu kimi evindən çıxmamalıdır. Özünü səliqəyə salmalıdır, əl gəzdirməlidr. Amma o əl gəzdirmək də həddini aşmamalıdır. Baxır hara getməsinə. Azəri qadınında ən çox taxdıqları qızıl əşyalarını sevirəm. Daima istifadə edirlər, öz də zövqlü. Gündəlik həyatda da istifadə edirlər, bu göz oxşayır.
-Qızıl, yaxşıdır bu?
-Hə, mən çox bəyənirəm.
-Tamam, buyurun. (gülümsünürük)
-Azəri qadınları əvvəla çox çox gözəldirlər. Amma çox bəzəklidirlər. (gülümsünür) O qədər bəzək mənə çox gəlir. Makyajı tünd və rəngli sevirlər. Bunun tarazlamaq olar. Məsələn saç-makiyaj parlaq, seçilən ola bilər. Və ya tam tərsinə. Azəri qadınları “abartı”nı sevirlər. Çox türk qadını da sevər. Amma olmaması gərəkir.
-Şəhərimizə iş səbəbi ilə gəlmisiniz, oxucular da maraqlanarlar ki, nədir deyə, yəni “Bu gün ne giysem?” formatlı televiziya proqramında qonaq münsif olacaqsınız. Modalyer - geyim ürətən, dəbi təqdim edən adam və daimi kameralar önünüdə olmaq- filmlərdə necə çəkilmək istəyiniz olmayıb ki? Və ya belə niyyətiniz varmı?
-Yox, aktyorluq etmək istəyim olmayıb, amma mən sinema filmində oynamışam onsuzda. İndi də yeni yayım dönəmində bir serialda qonaq aktyor olacam. Keyifli bir şeydir, amma mənim elə zamanım yoxdur. Öz işlərimin çoxluğu və “Bu gün ne giysem?”-in çəkilişləri də var. Dostlarımı qıra bilməyib qonaq aktyor olaraq çəkiləcəm. Amma davamlı bu işi etmək mənə görə deyil. Elə istəyim də yoxdur.
-Əslində verməli olduğumuz çox suallar qaldı, artıq gələn dəfələrə inşallah. Son olaraq qadınlara bir az payız-qış dəbini, necə geyinməli olduqlarını, hansı rənglərin dəbdə olacağını və s. söyləmənizi rica edirik.
-İnşallah. Məmnuniyyətlə. (gülümsünür) Payızda pencək və plaşlara üstünlük verilməlidir. Amma mən daha çox tək düyməli, beli uzun pencəkləri yaraşdırıram xanımlara. Ancaq sirli görünmək istəyirlərsə, geyimləri görünməyən, dizə qədər olan, önü düyməli və beldən kəmərlə bağlanan plaşları məsləhət görürəm. Bu mövsümə mat və dumanlı rənglər hakim olacaq. Parlaqlıq göz önündə olmasa da, rəngarəng qış mövsümü keçəcək. Bu il açıq göy və sarı tonlarına yer veriləcək. Amma qara və ağ rənglərin uyğunluğu da qaçınılmazdır. Ağ-qara xətli, damalı, ziqzaq şəkilli parçalar üstünlük təşkil edəcək. Mat, açıq çəhrayı dodaq boyaları birinciliyi əldən verməyəcək.
Şkafınızda mütləq olmalı olan 5 şey"
1) Qara düz don.
2) Dəri gödəkcə və ya parçadan pencək.
3) Qara, krokodil dərisi naxışlı bir ayaqqabı.
4) Ağ ipək köynək.
5) Trapes kəsimli modeldə bir şalvar.
Aybəniz Alızadə