Məlum olduğu kimi, yanvarın 1-dən qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Hələ də Bakı şəhərində bir çox abonentlər istiliksiz qalıblar.
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, artıq ikinci gündür ki, sayğaca qaz yükləmək mümkün deyil.
“Qaynar xəttə düşmək olmur. Zəng edirsən, çox hallarda ya avtomatik olaraq söndürülür, ya da uzun müddət xətdə gözlədirlər. 37 dəqiqə insan xətdə gözləyər?”, - redaksiyamıza müraciət edən vətəndaşlardan biri bildirib.
Bir qrup vətəndaş isə problemin həlli üçün qurumun aidiyyəti şöbələrinin qarşısına toplaşdıqlarını deyirlər.
Yaranmış vəziyyətlə bağlı “Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. Qurum rəsmisi sorğumuza cavab olaraq bildirdi ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır: “Smart kart tipli bəzi qaz sayğaclarının ödəniş sistemində 1 yanvar tarixindən etibarən yaranmış problem həmin gün axşam saat 20:00-da aradan qaldırılsa da, kütləvi əməliyyatlar aparılması zamanı sistem yenidən xəta ilə üzləşib. Təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur. Müraciət sayı çox olduğuna görə yenidən müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi şəkildə iş aparır”.
Xatırladaq ki, hazırda 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik, 1200 kub metrdən 2500 kubmetrədək olan hissə üçün 22 qəpik, 2500 kubmetrdən çox olan hissə üçün 30 qəpikdir.
Həmçinin Tarif Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib. Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər