Bakı Avrasiya Universitetində (BAAU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ömrü vətən olan Lider” adlı tədbir təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl BAAU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib və abidənin önünə gül dəstələri düzüblər.
Ulu Öndərin xatirəsi Fəxri xiyabanda ehtiramla yad edildikdən sonra tədbir BAAU-nun konfrans zalında Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə BAAU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirin açılışında BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və milli inkişaf strategiyasının formalaşmasında tarixi rolunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə respublikanın sosial-iqtisadi və mədəni həyatında keyfiyyətcə yeni mərhələ başlanıb. Çıxışda həmin illərdə təhsil, elm və mədəniyyət sahələrinə verilən prioritetin uzunmüddətli strateji investisiya xarakteri daşıdığı diqqətə çatdırılıb.
Rektor çıxışında 1990-cı illərin Ulu Öndərin siyasi fəaliyyətində yeni - milli dövlətçilik mərhələsi kimi qiymətləndirildiyini bildirib. SSRİ-nin süqutu, Ermənistan-Azərbaycan münaqişəsi, daxili siyasi gərginlik və qarşıdurmalar fonunda ölkənin müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının tarixi zərurət və ictimai sifarişin ifadəsi olduğu qeyd edilib.
Daha sonra elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə və strateji qərarlarına toxunub. O, xüsusilə “Əsrin müqaviləsi”nin Azərbaycanı qlobal enerji xəritəsində mühüm mövqe tutduğunu və ölkənin siyasi-iqtisadi inkişafında əsaslı dönüş yaratdığını qeyd edib.
Tədbirin sonunda çıxışlar ətrafında səsləndirilən fikirlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin bu gün də aktuallığını və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyətini bir daha təsdiqləyib. İştirakçılar Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək, onun ideyalarının Azərbaycan Respublikasının inkişaf strategiyasında mühüm istiqamət olaraq yaşadığını vurğulayıblar.








Son xəbərlər
Son Xəbərlər