Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək

baki-umumdunya-sehersalma-forumuna-ev-sahibliyi-edecek
Oxunma sayı: 1016

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib.

“Qafqazinfo” xəbər verir ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır.

Ümumdünya Şəhərsalma Forumu keçən il “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum (WUF12) 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.