Bakıda ata və oğul polis zabitini söydü- - Qarşıdurma

bakida-ata-ve-ogul-polis-zabitini-soydu-
Oxunma sayı: 6171


“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, noyabrın 24-də Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edən Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Yol Polisi İdarəsinin tağım komandiri, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu bildirib ki, Əhməd Cavad küçəsində kobudluqla üzləşib. 1996-cı ildən daxili işlər orqanlarında işləyən 47 yaşlı N.Mövlayev bildirib ki, həmin keçədə yaşayan 1989-cu il təvəllüdlü Əliyev Zaur Azad oğlu idarə etdiyi “Wolskfagen” markalı, 10 VT 008 nömrə nişanlı avtomobili qadağan edilmiş yerdə saxlayıb. Bununla bağlı yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib. Lakin sürücü və atası, 1957-ci il təvəllüdlü Əliyev Azad Məlikməmməd oğlu xəbərdarlığa məhəl qoymayıb və yol polisi ilə mübahisə ediblər.

Polis zabiti bildirib ki, ata və oğlu onu söyərək təhqir ediblər.

Qeyd edək ki, bu hadisədə adları hallanan ata və oğlu da noyabrın 24-də polis bölməsinə müraciət ediblər. Onlar şikayət ərizələrində polis əməkdaşının kobudluğu ilə qarşılaşdıqlarını, N.Mövlayevin onları təhqiramiz sözlərlə alçaltdığını qeyd ediblər. Şikayətçilər polis kapitanını onları yumruqla vurduğunu da əlavə edib.

Qarşılıqlı şikayətlər əsasında araşdırmalar aparılır.

***

Polis zabitini söydüyü iddia edilən sürücü Əliyev Zaur “Qafqazinfo” ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.  Bildirib ki, həqiqətən də o evlərinin yanında maşını səhv istiqamətdə saxlayıb:

"Bu zaman polis kapitanı Mövlayev Natiq yaxınlaşaraq məni təhqir edib” Qudurmusan maşını belə saxlayırsan” şəklində mənə müraciət edir. Maşını cərimə meydançasına aparmalı olduğunu dedi: “Halbuki burada cərimə meydançasına aparmaq üçün heç bir əsas yoxdur. Bu işin cəriməsi var və mən də onu ödəmişəm.  Bu kapitan isə atamı da çağırtdıraraq “sən nə cür övlad böyütmüsən ki maşını səhv saxlayır” kimi sözlərlə təhqir edir. Bütün bunlar təhlükəsizlik kamerasının altında baş verib. Mən bu hadisə ilə bağlı  Səbail rayon Prokurorluğuna müraciət etmişəm. Bildirmişəm ki, həmin kameranı üzə çıxarsınlar.  Həmin hadisədən sonra bizə müraciət ediblər ki, ərizənin geri götürək. Amma bu iş barəsində araşdırmalar gedir. Hamı onun necə polis olduğunu bilir. Bildiyimə görə, indiyə kimi 4-5 töhmət alıb”.