Bakıda intiharın yeni ünvanından reportaj - - Fotolar

bakida-intiharin-yeni-unvanindan-reportaj-
Oxunma sayı: 2869


Ötən gün Koroğlu metrosu yaxınlığında yerləşən “Asma körpü”də növbəti intihara cəhd hadisəsi yaşandı. Bu artıq həmin körpüdə qeydə alınan üçüncü belə faktdır. Psixoloji faktorları nəzərə alsaq, yəqin ki, bu son olmayacaq. Təbii ki, heç bir təhlükəsizlik tədbirləri görülməzsə, Qafqaz regionunun ən böyük yol-nəqliyyat qovşağı olması belə onu “İntihar körpüsü” damğasından xilas edə bilməyəcək. 

İnsan faktorundan başqa, daha bir məqamı vurğulayaq ki, hər intihara cəhd hadisəsi zamanı Heydər Əliyev prospekti, aeroport istiqamətində və Bakı ətrafı qəsəbələrdən üzü şəhərə tərəf bütün yollarda nəqliyyatın hərəkəti iflic olur. Bəs növbəti faciənin qarşısını necə almaq olar? 

Məsələn, dünya praktikasında da kifayət qədər analoji halların yaşandığı “intihar körpü”ləri var. Onlardan ən məşhuru San-Fransiskoda yerləşən “Qızıl Körpü”dür ki, orta hesabla hər iki həftədən bir həmin körpüdə kim isə həyatı ilə vidalaşır. Ən maraqlısı isə həmin insanların arasında məhz bu körpüdə intihar etmək üçün San-Fransiskoya səfər edənlərin olmasıdır. Körpünün hasarlanması kimi versiyalar irəli sürülsə də uzun zaman həm maddi cəhətdən bahalı olması, həm də estetikaya zərər verməsi səbəbindən bu ideya qəbul edilmədi. Əvəzində isə körpü və onun ətrafında Milli Qvardiyanın postları yerləşdirilib və hazırda “Qızıl Körpü”nü yerli polis qoruyur. Və yaxud qonşu ölkə Türkiyədə bir vaxtlar “intiharlar körpüsü” kimi ad çıxaran Bosfor körpüsündə hazırda intiharların sayını azaltmaq üçün piyadaların gedişinə qadağa qoyulub. 

Bu tip tədbirlərin Bakının “Asma Körpüsü”ndə də görülməsinin nə qədər məsədəuyğun olub-olmamasını öyrənmək üçün “Qafqazinfo” Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırovla əlaqə saxlayib. Generalın sözlərinə görə, məsələni diqqət mərkəzində saxlayırlar və intihar cəhdlərinin qarşısını almaq üçün tədbirlər düşünülür: “İnsanların ora çıxmasına mane olmaq üçün körpünün ətrafında dəmir sədlərin tikilməsi versiyası üzərində dayanmışıq. Lakin bu son qərar deyil. Körpünün polislər tərəfindən qorunmasını isə məqsədəuyğun hesab etmirik. Avtomobillərin sıx hərəkət etdiyi yerdir, polislər harada dayansın?”

Səidə