Ağac hərəkətdə olan maşının üstünə aşdı - Gəlin-qayınana yaralandı - Fotolar

agac-hereketde-olan-masinin-ustune-asdi
Oxunma sayı: 1893

Lənkəranda hərəkətdə olan avtomobilin üzərinə ağac aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ələt-Astara magistralında (ödənişsiz yol), rayonun Parakənd kəndi ərazisində baş verib.

Belə ki, Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Müzəffərovun idarə etdiyi “Vaz-2107” markalı avtomobil hərəkətdə olarkən yol kənarındakı ağac aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.

Hadisə nəticəsində avtomobildə olan sürücünün 1988-ci il təvəllüdlü qızı Nüşabə Müzəffərova və onun 1960-cı il təvəllüdlü qayınanası Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Məlumata görə, hadisə zamanı xəsarət alan T.Babayeva elə yerləşdirildiyi xəstəxanaya əvvəlcədən yazıldığı həkim qəbuluna aparılırmış.

Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidə aşma təhlükəsi olan digər çürümüş ağaclar da mövcuddur. Bu barədə aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem aradan qaldırılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov