Bakıda kibertəhlükəsizliklə bağlı dəyirmi masa keçirildi

bakida-kibertehlukesizlikle-bagli-deyirmi-masa-kecirildi
Oxunma sayı: 1394

Bakıda keçirilən “M360 Eurasia 2023” konfransı çərçivəsində “Gələcək rəqəmsal iqtisadiyyatın səmərəli şəkildə dəstəklənməsi üçün daha təhlükəsiz və davamlı telekommunikasiya şəbəkələrinin yaradılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Yaxın Şərq və Mərkəzi Asiyadan kibertəhlükəsizlik sahəsinin ekspertlərini bir araya toplayan açıq və şəffaf dəyirmi masa zamanı telekommunikasiya sahəsində kibertəhlükəsizliklə bağlı son yeniliklər müzakirə edilib. Eyni zamanda, tədbir zamanı telekommunikasiya sahəsində qarşılıqlı fəaliyyəti dərinləşdirmək və bu sənayedə kibersabitliyin təmin edilməsi üzrə kollektiv fəaliyyətlərin inkişaf etdirilməsi məqsədilə region üçün strateji prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. 

Dəyirmi masada çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində təhlükəsizlik üzrə direktoru Aloysius Cheang, “e& Enterprise” şirkətinin biznesin inkişafı və strateji layihələr üzrə direktoru Məhəmməd Xalid, Omanın milli “CERT” mərkəzinin baş icraçı direktoru Haitham Hilal Al Hajri və “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov kibertəhlükəsizlik sahəsində təhdidlərə qarşı müdafiədə şəbəkə operatorları, onların tərəfdaşları, təchizatçılar və müştərilər arasında əməkdaşlıq kimi müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. 

Bununla yanaşı, tədbir zamanı texnologiya sənayesində bir sıra mühüm məsələlər, o cümlədən maliyyə texnologiyaları kimi mövzular qaldırılıb.

“Tənzimləyici orqanların ciddi müvafiqlik tələblərinə necə cavab vermək, eləcə də xidmət və məhsullarımızı necə təhlükəsiz və etibarlı şəkildə təqdim etmək barədə düşünməyə ehtiyac var”, - deyə Aloysius Cheang qeyd edib. Onun sözlərinə görə, təhlükəsizliyin, biznesin davamlılığının, dayanıqlılığın təmin edilməsi, səmərəliliyin və müştəri təcrübəsinin artırılması üçün istifadəçi məxfiliyini qoruyaraq müdafiəyə dair daha təkmil yanaşma qəbul edilməlidir.

Tural Məmmədov isə öz növbəsində vurğulayıb ki, Azərbaycan rəqəmsal iqtisadiyyatın bütün imkanlarından istifadə üçün zəruri olan telekommunikasiya şəbəkələrinin qorunmasında qlobal tərəfdaşlarla işləmək niyyətindədir.

Haitham Hilal Al Hajri isə kibertəhlükəsizliyin ortaq öhdəlik olduğunu əlavə edib: “Milli təhlükəsizlik agentlikləri, telekommunikasiya xidmətləri təchizatçıları və İKT sənayesinin iştirakçıları kibertəhlükəsizliyin daha etibarlı səviyyəsinə nail olmaq üçün birlikdə çalışmalıdırlar”. O bildirib ki, bu, telekommunikasiya provayderlərinin kibertəhlükələrdən yan keçərək qabaqcıl rəqəmsal xidmətləri təqdim etməyə davam etmələrinə töhfə verərdi. 

Elvin Balacanovun sözlərinə görə isə, kritik vacib informasiya infrastrukturunun qorunması Azərbaycanın əsas prioritetlərindən biridir. “Kritik vacib informasiya infrastrukturumuzun qorunması və risklərin azaldılması üçün telekommunikasiya xidmətləri provayderləri tərəfindən müvafiq təhlükəsizlik tədbirlərinin, protokol və texnologiyaların tətbiq edilməsi çox vacibdir”. 

Ümumilikdə müzakirələr zamanı telekommunikasiya sahəsində kibertəhlükəsizliklə bağlı ən son risklər və çağırışlar nəzərdən keçirilib. Vurğulanıb ki, telekommunikasiya sahəsində kibertəhlükəsizlik yalnızca şəbəkə operatorları üçün deyil, eləcə də hökumət, provayderlər və təchizatçılar üçün də prioritet məsələdir. Həmçinin bu sənayedə bütün maraqlı tərəflərin müəyyən rollarla və öhdəliklərlə əməkdaşlıq etmələri, eyni zamanda kibertəhlükəsizliklə bağlı təhdidlərin qarşısının alınması üçün sahənin ən təkmil təcrübələrindən istifadə etmələri təklif edilib. 

Xüsusilə qeyd olunub ki, “Huawei” kibertəhlükəsizliklə bağlı təhdidlərin və digər problemlərin birgə həll edilməsi istiqamətində bir sıra kanallar vasitəsilə bütün hökumətlər, müştərilər və tərəfdaşlarla əməkdaşlıq etməkdə maraqlıdır: “Huawei gələcək rəqəmsal dünyada hər kəs üçün həyatın yaxşılaşdırılmasına töhfə verməyə can atır. Şirkət bu baxımdan şəxsi məlumatların qanuni əsaslarla istifadə olunduğu və hər zaman qorunduğu təhlükəsiz və etibarlı məhsullar, həll yolları və xidmətlər təklif edir”.

Günel İbrahimova