Bakıda test üçün müraciət edən ananın başına qəribə iş gəldi

bakida-test-ucun-muraciet-eden-ananin-basina-qeribe-is-geldi
Oxunma sayı: 7083

Bakıda koronavirus testlərinin götürülməsi ilə bağlı kuryoz hadisə yaşanıb. Belə ki, övladlarının özünü narahat hiss etdiyini görən ana - Arzu Muradova koronavirus testi vermək üçün yaxınlıqdakı poliklinikaya müraciət edib. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan Arzu Muradova bildirib ki, hər iki övladından test götürülməsini istəsə də, maraqlı cavabla qarşılaşıb: “Poliklinikadan mənə hər ailədən yalnız bir nəfərdən test götürə biləcəklərini qeyd etdilər və kiçik övladımın adını-Nihat Muradovu qeyd etdilər. Lakin özünü daha çox böyük övladım pis hiss edirdi. Poliklinika ilə danışan zaman mənə bildirdilər ki, əgər kiçik övladında koronavirus aşkarlanarsa, onda böyük övladında da koronavirus çıxacaq. Problem məhz buradan başladı”.

Ana əlavə edib ki, evlərinə gəlib testi götürən şəxs valideynin heç bir sualını cavablamayıb: “Kiçik övladımdan yaxmanı götürüb getdi. 3-4 gün sonra poliklinikadan Kəmalə xanım zəng edərək qeyd etdi ki, böyük övladınız Muradov Murad xəstədir. Mən böyük oğlumdan yaxma götürülmədiyini dedikdən sonra kiçik oğlum Nihatın xəstə olduğunu bildirdilər.

Baş verənlərdən sonra mənə mesaj gəldi ki, Muradov Nihatda koronavirus aşkarlanmayıb. Mən yenidən həkimlə əlaqə saxladım. Bu dəfə isə mənə Muradın xəstə olduğunu dedilər. Muraddan test, yaxma götürülmədiyini vurğulayanda isə onlar konkret heç bir cavab verə bilmədilər, sadəcə məsələni araşdıracaqlarını qeyd etdilər. Növbəti gün İcbari Tibbi Sığortadan mənə başqa bir mesaj gəldi ki, oğlum Murad koronavirusa yoluxub. Halbuki yenə deyirəm Muraddan yaxma belə götürülməyib. Hazırda vəziyyət belədir ki, Nihatın xəstə olub-olmadığı bilinmir, Muradı da yaxma götürülmədən xəstə ediblər, onun evdən çıxmasına məhdudiyyət qoyulub.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu ünvanladıq. Qurumdan belə bir hadisənin baş verdiyini təsdiqlədilər və bizim vasitəmizlə şikayətçi Arzu Muradova ilə əlaqə yaratdıqlarını bildirdilər: “Məsələ ilə bağlı araşdırmalar başlayıb. Adətən prosedur belədir ki, yaxma götürülən şəxsin adı tibb müəssisəsi tərəfindən sistemə salındıqdan sonra onun İT həlli, (SMS göndərilməsi –red.) qurumumuz tərəfindən həyata keçirilir. Biz hadisə ilə bağlı 26 saylı Uşaq Poliklinikasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Hazırda uşaqdan heç bir yaxma götürülmədən onun adının necə sistemə salındığı araşdırılır”.

Eldar Tanrıverdi