“Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş layihələrin miqdarı 2,7 milyard manatdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə keçirilən dinləmədə bildirib.
“Tək elə Gəncə üçün lazım olan maliyyə 550 milyon manatdır. Bakı və Abşeron yarımadasında su və kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsi üçün lazım olan vəsait 10,5 milyard manatdır. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Ölkə üzrə sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Lakin bu, pul olsa, hər şey həll olunacaq demək deyil. İşlərin görülməsi üçün azı 20 il lazımdır”, - deyə sədr qeyd edib.
Zaur Mikayılovun sözlərinə görə, kəndlərlə əlaqəli layihə hazırlanır: “Bir çox kəndlərdə içməli suyun və kanalizasiya sisteminin özəl şirkətlər tərəfindən qurulması nəzərdə tutulur”.
Agentlik sədri qeyd edib ki, burada məqsəd təmiz suya əlçatanlığı təmin etməkdir: “Bu həm də dövlətin üzərindən yükü azaltmaqdır. Dövlət həmin vəsaiti başqa yerlərə istifadə edə bilər. Məqsədimiz özəl sektorun gətirəcəyi çevikliyi, effektivliyi və şəffaflığı daha yaxşı səviyyədə insanlara çatdırmaqdır”.
Zaur Mirzə