Xalq artistinin atasının məzarı illər sonra tapıldı - Video

xalq-artistinin-atasinin-mezari-iller-sonra-tapildi
Oxunma sayı: 1933

Xalq artisti Naibə Allahverdiyeva 35 il sonra atasının məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdamın Mərzili kəndində tapılan məzara baş çəkən N.Allahverdiyeva sosial şəbəkədə video paylaşıb.

Aktrisa uzun illər sonra ilk dəfə olaraq atasının məzarını ziyarət etdiyini vurğulayıb: “1957-ci ildə üçrəngli bayrağı Qız qalasına sancan və 10 il sürgün həyatı yaşayan Cahid Hilaloğlunun - can bağımın məzarı uzun illər sonra tapıldı, təsəlli tapdım”, - deyə o paylaşımında yazıb.

Xalq artisti atasının məzarının tapılmasında kömək edən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Cahid Hilaloğlu sovet dövründə milli azadlıq ideyalarını müdafiə edən fəallardan olub. Onun 1957-ci il mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümündə Azərbaycanın üçrəngli bayrağını Qız Qalasının üzərinə sancdığı və buna görə 10 il müddətinə həbs həyatı yaşadığı bildirilib.

Cahid Hilaloğlu Xalq artisti Naibə Allahverdiyevanın ögey atası olub və onun həyatında mühüm rol oynayıb.