Bakının mərkəzində avtomobillə hərəkət məhdudlaşdırıldı - Rəsmi - Yenilənib

bakinin-merkezinde-avtomobille-hereket-mehdudlasdirildi
Oxunma sayı: 7274

Bakının Molokan bağı kimi tanınan ərazisində Xaqani parkının ətrafına avtomobillə giriş bağlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) məlumat yayıb.

Bildirilib ki, sözügedən ərazidə sıxlıq müşahidə olunduğu üçün ərazinin piyadalaşdırılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib:

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu. Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu.

Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər. Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir.

Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi. Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub. Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub. Qeyd edək ki, növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək”.

***

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov bildirib ki, son illərdə paytaxtda avtomobillərin sayı xeyli artıb:

“Bununla əlaqədar mərkəzi küçələr və parkların ətrafında avtomobil sıxlığını azaltmaq məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Xaqani bağının ətrafında avtomobillərin girişinin məhdudlaşdırılması və hazırlanacaq xüsusi layihə əsasında abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bu işlərin əsas məqsədi sakinlərimizin və şəhərimizin qonaqlarının rahatlığının təmin edilməsidir”.