Bakının mərkəzində eyvan uçdu - Video - Yenilənib

bakinin-merkezinde-eyvan-ucdu
Oxunma sayı: 8116

Sahil bağının yanında yerləşən binaların birinin eyvanı uçub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Videoda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

APA-nın məlumatına görə isə, uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb və o xəsarət alıb.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olmayıb.

***

Səbail Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, eyvanı qəzalı vəziyyətdə olan yaşayış binaları barədə rayon ərazisində mütəmadi monitorinqlər keçirilir və eyvanı qəzalı vəziyyətdə olması aşkar olunmuş binalar barədə aidiyyəti qurumlara rəsmi müraciətlər edilir: “Səbail rayonu, Rəşid Behbudov 8 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olan eyvanı ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə rəsmi müraciət olunub”.

***

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub:

“Sözügedən məsələ ilə əlaqədar, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar. Binaya baxış keçirilib. Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb.

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir.

Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaq”.