“Bakubus” avtobusu qəzaya düşdü, yaralılar var - Video - Yenilənib

bakubus-avtobusu-qezaya-dusdu-yaralilar-var
Oxunma sayı: 5200

Bakıda marşrut avtobusu qəzaya düşüb.

“Qafqazinfo” Bakuplus.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində, Əhmədlidə baş verib.

“Bakubus” MMC-yə məxsus “BYD” markalı avtobus idarəetmədən çıxaraq səkiyə və ağaca çırpılıb.

İlkin məlumata görə, hadisə yerinə bir neçə təcili yardım maşını gəlib. Xəsarət alanların olduğu deyilir.

***

Hadisə ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:50 radələrində Xətai rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub: “Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 nəfərə (1 kişi və 2 qadın) ilkin tibbi yardım göstərilib və müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 1 nəfərə kişi cinsli müştərək travma diaqnozu ilə yerində tibbi yardım göstərilib”.

***

“BakuBus” MMC-dən qeyd edilib ki, bu gün saat 12:20 radələrində MMC-nin balansında olan və 62 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 77-JS-645 dövlət qeydiyyat nişanlı avtobusda metronun “Əhmədli” stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, hadisə avtobusla minik avtomobilinin toqquşması nəticəsində baş verib. Nəticədə minik avtomobilində olan bir nəfər sərnişin (xanım) xəsarət alıb və Təcili Tibbi Yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

“Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar aidiyyəti üzrə Dövlət Yol Polisi tərəfindən aparılır.

Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə “BakuBus” MMC tərəfindən operativ tədbirlər görülüb, sərnişinlər dərhal eyni xətt üzrə hərəkət edən digər avtobusa yönləndirilib və marşrutun qrafiki qısa müddət ərzində bərpa olunub.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, - açıqlamada vurğulanıb.