Şirvanda ana və 5 yaşlı qızı binadan yıxılaraq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Energetik küçəsi 3 ünvanındakı beşmərtəbəli binada baş verib.
Səhər saatlarında həmin binanın qarşısından A.Kərimova və 5 yaşlı qızının meyiti tapılıb.
İlkin məlumata görə, ana və qızı binadan yıxılaraq vəfat ediblər. Belə ki, onların 5-ci mərtəbədəki evə qonaq gəldikləri və oradan yıxıldıqları ehtimal edilir.
Onların meyitləri morqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
“Report”un xəbərinə görə, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gedib.
Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.
Həmçinin bildirilir ki, A. Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edir.
Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlının müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.