Başqanın məhkəmədən çıxarılmasına- - Sərt təpki

basqanin-mehkemeden-cixarilmasina-
Oxunma sayı: 3516


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, NİDA Vətəndaş Hərəkatı üzvlərinin Baki Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hakim heç bir səbəb göstərmədən Müsavat Partiyasının başqanı İsa Qəmbərdən məhkəmə zalını tərk etməsini tələb edib. 

İsa Qəmbərin bu tələbi yaradan səbəbləri izah etmək təklifinə hakim əməl etməyib və tələbində israrlı olduğunu bildirib. İsa Qəmbər “Mənim Sizə ötən dəfə etdiyim müraciətə Siz yalnız iki həftədən sonra cavab verdiniz. Mən əminəm ki, bu iki həftə ərzində Siz hər dəfə övladlarınızı görərkən vicdan əzabı keçirmisiniz. Məqsədim Siz və Sizin kimilərin günahsız gəncləri həbsdə saxladığınız üçün vicdan əzabı çəkməli olduğunuzu xatırlatmaq idi. Əminəm ki, bugünkü qərarınızdan sonra da Siz və Sizin kimilər uzun müddət vicdan əzabı çəkməli olacaqsınız. Zaman gələcək, qanunsuz əməllərinizə görə qanun qarşısında cavab verəcəksiniz”, – deyərək məhkəmə zalını tərk edib. 

Bundan sonra hakim Arif Hacılının da məhkəmə zalından çıxarılmasını tələb edib. Arif Hacılı “Bu məhkəmə siyasi qərarlar əsasında keçirilir. İsa Qəmbərin də məhkəmə zalından çıxarılması məhkəmənin siyasi proses olduğunu bir daha  təsdiqləyir. Günahsız yerə həbs olunmuş bu gənclərin yerində onları mühakimə edənlər  oturmalıdır, bu gənclər cəmiyyətdə ləyaqət simvolları kimi qəbul olunur”, – deyərək zalı tərk edib.

Gənc blogger Bəxtiyar Hacıyevin də məhkəmə zalından çıxarılması, ondan məhkəmə başlamamışdan əvvəl çəkdiyi şəkillərin pozulmasının tələb edilməsi və məhkəmə icraçıları tərəfindən zor tətbiq edilməklə şəkillərin pozulması da diqqəti cəlb edib. 

Müsavat Partiyası Bakı Ağır Cinayətlər Məhkəməsində baş verən qanundan və etikadan kənar bu hadisələri pisləyir və bu məhkəmə prosesinin günahsız gənclər üzərində qurulan siyasi proses olduğunu bir daha bəyan edərək, hakimiyyətdən insanların siyasi əqidəsinə görə təqib olunmasına son qoyulmasını, siyasi dustaqların dərhal həbsdən azad edilməsini tələb edir.