Azərbaycanda jurnalistin burnunu sındırdılar

<b>Azərbaycanda jurnalistin burnunu sındırdılar</b>
Oxunma sayı: 673

“Qafqazinfo”nun məlumatına görə, sakinlər iddia edir ki, Saatlı, Sabirabad və İmişlidən 17 nəfər yerli sakinin dəyən ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi sözü gedən rayon rəhbərlərinin onlara təzyiq göstərməsinə səbəb olub. İyunun 30-da keçirilmiş məhkəmədən sonra İmişlidə daşqınların təsirinə məruz qalan insanlara qarşı ayrı-seçkilik edildiyini deyən “Kür” Vətəndaş Cəmiyyətinin Qərargah üzvü, İmişli rayon sakini Kəmalə Rəhmanqızı rayon nümayəndəliyinin təzyiqi ilə evdən çıxarıldığını iddia edir. K. Rəhimqızı həmçinin “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyevin də hücumuna məruz qaldığını deyir. “Məni küçə söyüşləri ilə təhqir edib, hədələdi və evlərə baxış keçirilməsini dayandırmağı tələb etdi.”

“Kür” Qərargahının Sabirabaddan olan üzvü İlham Əsgərbəyli və digərləri də eyni təzyiqlə üzləşdiyini deyir. Onlar da qeyd edir ki, rayon rəhbərliyi və digər məmurlar etiraz aksiyalarının təxirə salınmasını tələb edərək onları təhdid və şantaj etməyə cəhd göstəriblər.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, “Hürriyyət” qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarlı isə iyulun 5-də İmişli rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zahidovun qohumu Azər Zahidovun onu döydüyünü deyir. Burun sümüyü sındırılan M. Zülfüqarlı xəstəxanaya yerləşdirilib, tibbi ekspertizadan keçib və məsələyə polis müdaxilə edib. Jurnalistin sözlərinə görə, polis tərəfləri barışdırmağa cəhd edərək, hadisəni ört-basdır etməyə çalışıb. Hadisənin baş vermə səbəbləri sırasında M. Zülfüqarlının və rayon sakini Təranə Qarayevanın “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına təqdim etdiyi siyahıda İmişlidə daşqınlardan sonra dövlət büdcəsindən korrupsiya müqabilində tikilən evlərin bir qisminin İmişli RİH- nin Hüquq şöbəsinin müdiri Rahim Zahidovun qohumlarına aid olduğunu qeyd etməsi faktı göstərilir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Kür daşqınları ilə bağlı üzləşdikləri problemləri bu günə qədər həll edilməyən, hüquqları tapdanan insanların hüquqlarını müdafiə edənlərə qarşı son zamanlar yerli icra hakimiyyətinin və onların əlaltıları tərəfindən həyata keçirilən bu özbaşınalıqlara, qanun pozuntularına və insanlarda xof yaratmaq siyasətinə öz etirazını bildirir. “Kür” Qərargahı aidiyyatı qurumları baş verənlər barədə lazımi ölçü götürməyə çağırır.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi