Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə tabeli müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə möhtəşəm tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov və Birinci Şahsevən kənd 2 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Rəşidə Allahverdiyeva çıxış edərək Səməd Vurğunun zəngin ədəbi irsindən, onun Azərbaycan poeziyasında tutduğu mövqedən və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı rolundan danışıblar.
Tədbirin bədii hissəsində Beyləqan Rayon Mədəniyyət Mərkəzinin “Xalq teatrı”nın və Namiq Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.
Daha sonra Şirvan aşıq musiqisinin tanınmış ifaçıları İnci Şirvanlı və Uğur Şirvanlı tərəfindən təqdim olunan musiqi nömrələri tədbirə xüsusi bədii-estetik çalar qataraq iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Tədbirin musiqi hissəsi Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələri – Azərbaycan Aşıqlar Birliyinin fəxri üzvü, Qarabağ müharibəsi veteranı Aşıq Azər Fərmayıloğlu və aşıq İbrahim Gədəbəyli tərəfindən təqdim olunan zəngin ifalarla davam etdirilib və milli musiqi irsimizin dəyərli nümunələri səsləndirilib.
Bununla yanaşı, Niyazi adına Beyləqan rayon Uşaq Musiqi Məktəbinin “Odlar Yurdu” xor kollektivi tərəfindən musiqi nömrələri təqdim olunub, eyni zamanda qiraət ustası və şair Razi İlham, Məmmədyar Ziyadoğlu, Zaur Kamiloğlu, Uğur Şirvanlı və Həsən Tağızadə tərəfindən görkəmli şair Səməd Vurğunun şeirlərini səsləndirilib.
Tədbirin yekununda Beyləqan RİH başçısı Əziz Əzizov çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan bəhs edib, onun yaradıcılığının milli-mənəvi dəyərlərin təbliğində xüsusi yer tutduğunu vurğulayıb, tədbirin təşkilində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib. Daha sonra xalq şairi Səməd Vurğunun 120 illik yubiley tədbirində fəal iştirakına görə bir qrup ifaçıya Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.













Son xəbərlər
Son Xəbərlər