İnternetlə ünvanlı yardım – Azərbaycanda ilk

internetle-unvanli-yardim-azerbaycanda-ilk
Oxunma sayı: 675

Bununla bağlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini İlqar Rəhimovun başçılığı ilə Bakı şəhərinin rayonlarının, həmçinin alternativ müraciət mexanizmlərinin tətbiq olunacağı Sumqayıt şəhərinin və Abşeron rayonunun Əhalinin sosial müdafiəsi mərkəzlərinin rəhbərlərinin, eyni zamanda “Azərpoçt” MMC-nin nümayəndələrinin, adıgedən şəhər və rayonların poçt filiallarının rəhbərlərinin iştirakı ilə seminar keçirilib. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, seminarda bildirilib ki, ünvanlı sosial yardım proqramının icrasında şəffaflığın artırılması, yardımların təyinatı işində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbul etmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə hazırlanan alternativ müraciət mexanizmlərinin 2011-ci ilin avqust ayından etibarən pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsi işlərinə başlanılıb. Sınaq işlərində əldə edilmiş müsbət təcrübə bu sahədə işlərin ölkənin digər bölgələrində də davam etdirilməsinə əsas verir.

Yeni müraciət mexanizmlərinin əsas cəhəti ÜSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların elektron poçt ünvanına (əgər varsa) həmin müraciətin statusu ilə bağlı məlumatlar göndərilir. Yaxın zamanlarda bu məlumatların həmin vətəndaşların mobil telefon nömrəsinə də göndərilməsi üçün müvafiq işlər görülür.

İclasda yeni müraciət mexanizmlərinin tətbiqi işlərinin davam etdirilməsi ilə əlaqədar məsələlər geniş müzakirə olunub, yerli qurumlara bu mexanizmin icrası ilə bağlı ətraflı izahat verilib.

Nigar Məmmədli