Bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi...

bir-edebiyyat-muellimi-ancaq-bele-intihar-ede-bilerdi
Oxunma sayı: 4552

“Əməkdar jurnalist” olduğumu eşidən atam zəng edir:

- Bu adın hansı üstünlükləri var?

- ⁠Ayda 120 manat (indi 200) təqaüdü var.

- ⁠Bir ata kimi o kart mənə çatır də bilirsən.

“Halal xoşun”​, deyib sağollaşıram.

Sonrakı günlərdə demək olar hər həftə zəng vurub kartın taleyi ilə maraqlanır. Hər dəfə hələ təhvil almadığımı deyirəm. İçimdə gülmək tutur ki, ayrı vaxt ildə bir dəfə zəng edib maraqlanmayan atam indi bir karta görə az qala günaşırı zəng edir…

Axırı kartı dövlətdən alıb atama təhvil verirəm.

Sonrakı dövrlərdə bu kart haqq-hesabı aramızda əməlli-başlı mövzuya çevrilir. Hər ayın 25-də təqaüd köçən kimi əvvəlcə telefonumdakı “Birbank” tətbiqinə mesaj gəlir, heç açıb məlumata baxmamış görürəm pulu çəkdilər.

Tez atama zəng edib maraqlanıram. Deyir narahat olma, mən çəkmişəm, bankomata zada etibarım yoxdur, kişinin pulu cibində olar.

İsrarla soruşuram. Bəlkə sənə əlavə pul lazımdır?

Hər dəfə əmin edir ki, sadəcə o, pulu cibində istəyir.

Pulun karta köçən kimi çıxarılması bizim iş və ailə arası lətifəyə çevrilir. Hətta, pulun karta köçdükdən neçə dəqiqə sonra çıxarılacağını bilmək üçün saatı qurub mərc gəlirik.

Sonuncu belə mərcimizdə hamının proqnozu yanlış çıxır. Atam pula dəqiqələr, saatlar keçsə də, toxunmur. 

Telefonu götürüb heyrət dolu narahatlıqla soruşuram:

- Pulu niyə çıxarmırsan?

- ⁠Yaxşı deyiləm, deyəsən, boğazımda nəsə qalıb. Həkim dedi, Onkologiyaya getmək lazımdır…

Həmin gündən atam qida borusu xərçəngi, mən də qida borusu xərçənginin oğlu oluram…

Üç gün sonra buradakı diaqnozu da götürüb atası xərçəng olan bütün övladlar kimi vicdanımın analizini vermək üçün İstanbula gedirəm. Orada da eyni diaqnozu təyin edib geri dönməyimizi tövsiyə edirlər.

İstanbulda klinikanın həyətində var-gəl edirik. İsrarla yarı-ciddi, yarı-zarafat, ürəyində nə sözü var eşitmək istədiyimi deyirəm. O da hər dəfə qayıdır ki, mən sözümü axıra saxlayan ata olmamışam, hər şeyi sizə əvvəldə demişəm.

- Axı ola bilməz ki, 74 yaşın deyəcək bir sözü olmasın…

Barmaqlarımın, deyəsən, üçündən tuta bilib dayanır. Barmaqlarım ovcunun içindədir, əlləri buz kimidir. Hiss edirəm ki, bu ata əli deyil, bəlkə də, ölməyə ovcundan başlayan bir kişinin artıq bu dünyanın hərarətindən ayrılmış hissəsidir…

- Səndən ata kimi xahiş edirəm, qurtar bu tikintini…

Atama həmin gün hoteldə səhərə kimi inandırmağa çalışıram ki, biz özümüzə evdən başqa heç nə tikməmişik.

O isə həyətdə itə tikdiyimiz damı belə artıq tikinti hesab eləyib narahat olur. Lap uşaqlıqdan tez-tez işlətdiyi sözü deyib mövzunu bağlayır.

Ev ölmək və doğulmaq üçündür, həyat yollardadır…

Beləcə, 2024-cü ilin iyulun 25-dən evlərində başağrı dərmanı belə olmayan bir ailənin onkologiya yolçuluğu başlayır.

Bu gün də minnətdar olduğum və bir manat belə təmənna ummayan Milli Onkologiya Mərkəzinin həkimləri israrla atamın sağalacağını iddia edirlər. Mən isə əksini…

Həkim hər dəfə tibbə, analizlərə söykənib danışmağa çalışanda atamın evtanaziya yalvarışları yadıma düşür.

O öz ürəyini söndürmüşdü. İsrarla bu prosesin tez bitməyini istəyirdi. Cəmi bir iynə ilə məsələnin bitirilməsini arzulayırdı.

Mən isə əvvəllər texniki şəkildə, sonralar isə ciddi təəssüf içində ölkədə evtanaziya haqqında qanunun olmadığını deyirdim.

Xəstəlik irəlilədikcə biz bəzi gecələri mərkəzdə keçirməli olurduq. Onu qoluna qoşulan sistemin yuxusu aparanda durub pəncərələri yoxlayırdım. İntihar riskini nəzərə alıb bütün pəncərələri kilidləmişdilər.

Bəs belə idisə, niyə pəncərələri qoyanda bu cəftələri quraşdırmışdılar? Qəribədir…

Bir dəfə səhər ona baş çəkməyə gedəndə gördüm sistemin şunurlarını qoluna dolayıb sıxmağa çalışıb. Qoluna xəfif şəkildə doladığı şunuru açıb gülə-gülə dedim ki, bir ədəbiyyat müəllimi ancaq belə intihar edə bilərdi…

Bakıda COP-un Zirvə görüşü keçirilən vaxt biz atamla Onkologiyada növbəti mücadiləmizi aparırdıq. O, israrla evə getmək istədiyini deyəndə yolların bağlı olduğunu söylədim və səbəbləri haqqında məlumat verdim. Həmin vaxt atam taleyinin COP-unu yaşayırdı deyə, dünyanın durumundan xəbərsiz idi.

Ancaq ona məlumat verdim ki, dünya quraqlıq, iqlim böhranı ilə üz-üzədir, durumu müzakirə etmək üçün yüzə yaxın ölkənin prezidenti Azərbaycana gəlib. Zarafatla Fransa ilə ABŞ ölkə rəhbərlərinin (Co Bayden) nədi-nədi Bakıda keçirilir deyə bu qlobal böhrana aid tədbiri boykot etdiyini də dedim. Həmin gün səhərə kimi söhbət etdik.

Atam səhərəyaxın öz vəsiyyətini dodaqları arasından pıçıldaya-pıçıldaya elan etdi:

- Mənə ehsan vermə. Ya ən sevdiyin ağacdan yüz dənəsini əkib böyüt, ya bir şəhidin yaşadığı küçəni abadlaşdır, ya da bir tələbə himayənə götürüb oxut…

-Baş üstə, elə axşam yolları buna görə bağlamışdılar. O qədər ölkənin prezidenti Azərbaycana bunları etməyin vacibliyini demək üçün yığışıb, - dedim.

Xəstəlik hesabda xeyli qabağa çıxanda qəbiristanlığa gedib atam üçün məzar yeri aldım. Qəbiristanlıqdan çıxanda, sanki, ürəyimin orada qaldığını hiss edib bir neçə dəfə geri çevrildim.

Elə bil uzun illər Bakıda kirayə qalandan sonra min zülmlə “ev yeri” götürmüşdüm.

Az keçməmiş evdən zəng gəlib xatırladıldı ki, bir neçə gün sonra yaşanacaq reallıqla bağlı beşik də almalıyam.

Heç nə düşünmədən dükana gedib yeni doğulacaq körpəmiz üçün beşik də aldım.

Bütün bu prosedurlardan sonra işə gəlib öz otağımda sükuta dalmışdım.

Mənim bu durumumu görən əməkdaşlardan biri deyir ki, müəllim, bəlkə təzyiqiniz yenə qalxıb, ölçək. Etiraz etmədim.

Ölçdük:

-120:80

“İlahi, bu necə ola bilər? Bəlkə də anadan olandan ilk dəfədir məndə belə təzyiq qeydə alınır”, deyib xeyli təəccüblənirəm.

Sonra astaca öz-özümə pıçıldayıram. Həyatın məzarla beşiyin arasında olduğunu biləndə adamın təzyiqi normal olmalıdır, nəinki məzarla beşiyin arasında qalanda…

Tez həmin anın fotosunu çəkirəm:

Atanın xəstəliyi son mərhələyə qədəm qoyur.

Həkimlər qida borusuna stent qoymağın qaçılmaz olduğunu deyirlər.

Bir az müşkülə çevrilir nəsə həmin vaxt stenti tapmaq.

Bu barədə dostum Mir Şahinlə danışanda atanın durumunu izah etmək üçün qeyri-ixtiyari “Mir Şahin, atam suyu dişləyir” - deyirəm.

Bu söz ona necə təsir edirsə, qısa zamanda mənə zəng edib lazım olan vasitəni çatdırırlar…

Ömrünün son günlərini bütün həyatını nə ilə fəxr edərək keçirmişdisə, onların sınağından keçərək yaşayır. O həmişə fəxrlə deyərdi ki, bu yaşa çatmışam, hələ narkotikin üzünü belə görməmişəm, nəinki istifadə etmək…

Son günlərində ona elə iynələr vuruldu ki… Bilmirəm, o ağrının arasında nəsə hiss etdimi…

Və ötən il, fevralın 22-si qar yağdı, çovğun qopdu, küçələr buz bağladı, bütün yollar təsadüfi adamlar üçün bağlandıqdan sonra atam öldü…

Onu qəbiristanlıqdakı “ev yerimə” aparıb qoyub qayıdanda dostların eşidə biləcəyi səslə dedim:

- Əsl oğulun atası belə havada ölməlidir. Atam son addımı ilə də övladlarının kimliyini yoxladı, necə yaşadıqlarını bildi.

Son imtahanını götürüb getdi… O mənim həm də müəllimim olmuşdu. Orta məktəbdə mənə dərs deyəndə nəzakət qaydaları gərəyi “siz” deyə müraciət edərdim. İndi həyatımda düzəliş etmək istədiyim təkcə bir ifadə var. Kaş ona həmişə “siz” deyə xitab edərdim...

Atadan sonra ən çətin iş ananı saxlamaqdır. Tək göyərçini saxlamaq necə çətindirsə, atasız ana saxlamaq, kişisiz qadın saxlamaq da o qədər çətindir...

Atam həmişə deyərdi ki, qadın kişinin həyatına mahnı kimi girməlidir. Necə ki, atamın ən gözəl mahnısı idi anam. Hər yerdə anamı səsləndirirdi, onu oxuyurdu… İndi ata yoxdur bir yana, anam da müəllifsiz musiqi kimi ortalıqda qalıb…

Elbrus Ərud