Bir həftəyə böyüdü... - Fotolar

bir-hefteye-boyudu
Oxunma sayı: 7646

Xəbər verdiyimiz kimi, “Qarabağ UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıraraq tarixi nəticə əldə edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubuna ümumi hesabda qələbə qazandıran qola 120+2-ci dəqiqədə Nəriman Axundzadə imza atıb.

Matçdan sonra Qurban Qurbanovun gənc futbolçusunu qucaqlaması diqqətdən qaçmayıb. 

Qeyd edək ki, Portuqaliyada keçirilən ilk matçda Nəriman qola yaxın olsa da, əlinə düşən fürsətdən yararlana bilməmiş və bu səbəbdən oyundan sonra ağlamışdı.

Qurban Qurbanov həmin matçdan sonra gənc hücumçu barədə demişdi:

“Nərimanla ayrılıqda danışmamışam. Paltardəyişmə otağına gələndə də onu görmədim. Yəqin ki, gizlənirdi. Deyəsən, hətta oyunda da ağlayırdı. Fikri o epizodda qalmışdı. Əgər məsələyə bu cür yanaşdısa, deməli, çox böyük məsuliyyət dərk edir. Mən buna ancaq sevinirəm. Bəlkə də o qolu vursaydı, daha gec böyüyərdi. Məncə indi daha çox böyüyəcək, öz üzərində işləyəcək. Mütləq onunla danışacağam. Hər şey pozitiv notlarla yekunlaşacaq”.

Fotolar: Xəyal Vəlizadə