“Bir mövqeyim var, bir üzlüyəm…” - Nazpəri

bir-movqeyim-var-bir-uzluyem-nazperi-
Oxunma sayı: 2076


“Özümü bunun nəyi ilə baş-başa qoyum? O, ancaq pafoslu çıxışlar, yalanlar, böhtanları ilə hədə-qorxu gəlməyi, hay- həşir salmağı, qışqırmağı bacarır. Vəssalam!”



Azərbaycanın xalq artisti, son günlər ölkə gündəmində əsas müzakirə mövzusu olan simalaradan biri Nazpəri Dostəliyevanın “Qafqazinfo”ya müsahibəsi

- Bu gün ona görə sizin qonağınızıq ki, istəyirik son günlərdə baş verənlərdən danışaq, söhbət edək.
- Son günlərdə o gündəm kaş olmasaydı...

- Əslində yaxşı ki, oldu deyərdim.
- Mən də kaş ki, olmasaydı deyirəm.

- Siz hansına görə təssüflənirsiz? Axı iki səbəb var müzakirə olunmağınıza… Yəni siz həm siyasətin, həm də şou-biznesin gündəmindəsiz.
- İndi heç adını belə çəkmək istəmədiyim adamla münaqişə olmasaydı, daha gözəl olardı. Sözsüz ki, mən xalqımın körpəsindən tutmuş böyüyünə qədər hamıya minnətdaram, xalqıma ürəkdən canım qurban olsun deyirəm. Mənə görə narahat olan, əsəb keçirən insanların hər biri mənə doğmadır, canımdır. Baş verənlər elə bil Allahın imtahanı idi, sevinirəm ki, imtahandan yaxşı keçdim. Bu andan sonra xalqıma etibar edib, onun uğrunda ölümə belə gedərəm...

- Məncə həyatda baş verən ən ağır şerlərə görə də haradasa sevinmək lazımdır. Məşhur bir məsəldə deyildiyi kimi, nə baş verirsə, xeyirliyə baş verir... Məsələn, mən o qalmaqalı şəxsən sizin aktivinizə yazardım.
- Əlbəttə, mən düşüncələrimi, fikirlərimi açıqladım...

- Çox təmkinlə və səbirlə...
- Mənə çox adam deyirdi ki, bəxtəvər başına, bu qədər səbir etmək olar? Mən bilirəm ki, əsəbi başda ağıl olmur, əsəbi başla bir kəlmə söz danışmaq, bir iş görməyə qatlanmaq, bir fikir yaratmaq olmaz. Dur çayını, suyunu iç, yat. Özünə gələndən sonra fikirlərini ağılla, dərakkə ilə bölüş. Əsəbiləşəndə adamın nə fikri olur, nə də ağlı. Mən hər şeyə səbirlə yanaşıram və o məsələni təzədən gündəmə gətirmək istəmirəm.

- Azərbaycan o mənada kiçik ölkədir ki, burada hamı bir-birini yaxşı tanıyır. Sanki şou-biznesdə “dedovşina” hökm sürürdü. İlhamə Quliyevanın qarşısına heç kim çıxmaq istəmirdi. O, istədiyi adama titullar verir, istəmədiyini şöhrətindən məhrum edirdi. Siz elə bil bu düzəni pozdunuz bir qədər...
- Ona qarşı biz iki nəfər idik. Məleykə Əsədova oturdu, amma mən oturmadım. Niyə görə oturmalıyam? Bunu nümayiş üçün etmədim, öz haqqımı tələb etdim. İstəmirəm bu mövzu davam etsin. Camaatı yormaq istəmirəm, onları bir də mövzuya qaytarıb uzunçuluq etmək istəmirəm. İstər məni, istərsə də onu sevənlərə bu məsələni uzunçuluğa aparmaq heç nə verməyəcək. İstəyirsiz başdan ayağa qədər hamısını danışım, amma buna ehtiyac yoxdur. Bu mövzunu dayandırmaq istəyirəm. Bu insana dəyməz. Yenə də deyirəm, güclü rəqib olsaydı hara desəydiz gedərdim. O, ancaq pafoslu çıxışlar, yalanlar, böhtanları ilə hədə-qorxu gəlməyi, hay- həşir salmağı, qışqırmağı bacarır. Vəssalam!

- Siz əlbəttə ki, məsələni ictimai rəy baxımından həll elədiz. Amma məsələnin texniki tərəfinin harada qaldığını bilmək istəyirəm.
- Bu artıq maraqsız mövzudur. Hesab edirəm ki, bunu uzatmamaq lazımdır.

- Yəni hər şey bitdi də?
- Artıq hər şey bitdi. Sizcə, qalib kim oldu? Əlbəttə, Nazpəri Dostəliyeva, başqa cür ola da bilməz. Çünki, haq-ədalət biz tərəfdədir. Nə istəyir eləsin, yenə də mən qalib olacam.

- Mən elə bilirdim ki, verdiyiniz açıqlamaları sizin yerinizə kimsə yazır. Çünki çox sərrast qoyulurdu məsələ.
- Sözsüz ki, hər kəs öz işini görür. Mənim öz ağlım var, dərrakəm var, uşaq deyiləm ki, yerimə kimsə danışsın. Sizi qınamıram, müğənnilərin efirdə özlərini məntiqsiz boş söhbətləri ilə o qədər bədbəxt edib ki... Beş barmağın beşi də bir deyil ki.

- Bu evdə yaşayırsız?
Bəli, bu evdə yaşayıram.

- Həm də tək…
- Tək deyəndə ki, iki oğlum var, evləniblər. Hərəsi öz evində yaşayır, guya yaşayırlar. Hər gün bizdədirlər. Qovuram da getmirlər.

- Hər gün belə bəzənirsiz?
- Bəli, hər gün beləyəm. Demək olar ki, hər gün çəkilişlərim, proqramlar olur.

- Adam hər gün belə baxımlı olmaqdan necə narahat olmur?
- Düzü, adam bəzən yorulur, amma bu bizim işimizdir. Bəziləri deyir ki, insan istənilən paltarda efirə çıxa bilər, yetər ki, rahat olsun. Mən isə elə düşünmürəm. Əgər mən podiumdayamsa, Azərbaycan xanımını təmsil edirəmsə, həddən artıq sərbəst olmağa ixtiyarım yoxdur.

- Siz ilk dəfə mənim diqqətimi Nüsrət Kəsəmənlidən oxuyanda çəkdiniz. Mənə elə gəlir ki, Azərbaycanda müğənnilər oxuduqları sözə hörmət eləmirlər. Bizdə müğənilərin 99 faizində ona görə alınmır ki, onların oxuduğu söz deyil. Hərdən düşünürəm ki, Azərbaycada heç bir yazıçı Sibel Canın oxuduğu bir mahnının sözünü belə yazmayıb. Elə türkiyəli müğənni Hadisəni götürək. Onun bir mahnısı var e “Aşk kaç bədən geyər”. Yəni bu sözü bizmkilər niyə oxumur? Yəni siz o vaxt Nüsrət Kəsəmənlinin sevgi şeirlərini oxumaqla bəlkə də məsələni həll etdiniz…
- Bu gün müğənnilər sözü çox cılızlaşdırıblar. Mahnını sözsüz oxuyurlar, ondansa mızıldasınlar. Mən o sözləri dərk edirdim. Sözün mənası, məntiqi, əvvəli, sonu olmasa musiqini də bəyənmirdim. Mən sözə çox önəm vermişəm. Bəzən deyirlər ki, gənclərçün belə oxuyaq “telefon, saqqız”. Mən deyirəm ki, bala məni qatmayın. Mahnının sözünü yaşamasam oxuya bilmərəm. Bilməliyəm ki, şair nə demək istəyir? Hansı anında bunu yazıb? İfada ürək olmalıdır. Bu sənət ürəyi sevir.

- Mənə maraqlıdır ki, niyə indi Nüsrətin musiqi bəstələnməyən şeirlərini oxumursuz? O seriyanı davam etdirsəz yaxşı olar.
- Sözləri ona aid olan Elza İbrahimovanın bəstələdiyi “Gedək bu şəhərdən” mahnısını oxumuşam. O vaxt Nüsrət məni görürdü, tanıyırdı və nə istədiyimi, hansı həyatı yaşadığımı bilirdi. O bilirdi ki, mən Allahdan nə istəyirəm, ona görə də “Nə olar, Allahım, ayırma bizi”ni yazdı. Bu təkcə mənə aid deyildi, bütün sevgi həyatı yaşayan gənclərə aid idi. Daha sonra “Mənim göz yaşımı görməyəcəksən”. Bu mənim xarakterim idi, o məni tanıyırdı bilirdi ki, mən ölməyə razıyam, amma sevdiyimə göz yaşımı göstərmərəm. Bütün mahnılar mənim istəyimlə, xahişimlə yazmışdı.

- Belə çıxır ki, sizə görə ədəbiyyatımızda yaxşı şeirlər yazılıb, onda ədəbiyyatda sizə təşəkkür etməlidir ki…
- Mənim yerimdə başqası olsaydı bunu çoxdan reklam eləmişdi. Mən o kişini ömür boyu xatırlayıram. Bəxtiyar Vahabzadə də mənim üçün “Ulu tanrım”ı, Cabir Novruz isə “Gecikmiş məhəbət”i bir gecədə yazdı.

- İndi kimlə işləyirsiz?
- Bir cavan şair var, onunla işləyirəm. Zahir Abbas, mənim dostumdur.

- Niyə Ramiz Rövşəndən oxumursuz?
- Ramiz Rövşənin gözəl şeirləri var, amma nədənsə qismət olmayıb.

- Siz şou-biznesdəki məlum qalmaqalın qardından daha bir addım atdız. Əslində bu şişirdiləsi bir şey deyil. Amma cəmiyyətdə şok effekti yaratdı. Sizin İsa Qəmbərin oğlunun toyunda oxumanızı nəzərdə tuturam… Kim dəvət etmişdi sizi toya?
- Sözsüz ki, məni ora İsa Qəmbər dəvət etmişdi.

- Heç mən bilmirdim İsa Qəmbər sizin dinləyiciniz olub.
- O, mənim böyük pərəstişkarım olub. Hələ 10-15 il əvvəl İsa Qəmbərə söz vermişdim ki, İlkinin toyunda iştirak edəcəm. Bunu bəziləri şişirtdilər. Burda bir qəbahət görmürəm. İncəsənət xalqa məxsusdur. Biz sənət adamlarıyıq. Biz xalqımızın hər nümayəndəsinin toy mərasimində xüsusilə övlad toyunda olmalıyıq. Övlad bir ana üçün ən zəif nöqtədir. Əgər mən pis adamamsa, övladıma nə dəxli var? Mən bir övladın toyunda çıxış eləmişəm, bəli, dəvət almışam və bir azərbaycanlının toyunda iştiak etmişəm. Dünyanın heç bir ölkəsində belə şey yoxdur.

- İndi biz Azərbaycandayıq da burdakı vəziyyət isə elədir ki, indi sizi bəlli qütblər topa tutublar.
- O toyda millət vəkilləri, başqa müğənnilərimiz, iqtidara daha yaxın olan adamlar var idi. İkinci məqam isə əgər mən bu toya getməməli idimsə, onda bu toy olmayardı da, niyə oldu ki? Mən müğənniyəm və verdiyim sözün ağasıyam.

- İndi hər gün bir xəbər yayılır ki, filan televiziyada sizə qadağa qoyublar.
- Ümumiyyətlə, ölkəsini, prezidentini sevən adam yaltaq, ikiüzlü olmamalıdır. Bir şeyə əminəm ki, mənə efirdə embarqo qoyulubsa, bu yaltaq adamların işidir, dövlətin bundan xəbəri yoxdur. Çünki bu iş deyil. Kimlərsə bundan istifadə eləyib yarınmaq istəyirlər, bu şansdan istifadə edirlər. Ömür boyu dövlətimizin istər kasıb, istər varlısı adamı olsun, mən xalqımızın uşağından tutmuş böyüyünədək ürəkdən, öz balamın toyunda çıxış etdiyim kimi iştirak etmişəm. Mən həmişə toyda oluram.

- Tutaq ki, hansısa kanal sizə qadağa qoysa, bu sizi narahat edir?
- Yox, əlbəttə, məni niyə narahat etsin? Olmaram oxuyan, olaram başqa işin sahibi. Amma əqidəmi heç vaxt pozmaram.

- Potensialınızı başqa sahədə görürsüz?
- Bəli, amma söhbəti başqa yerə yönləndirməyək. Mən dövlətim tərəfdən mükafatlandırılmışam. Heydər Əliyevin imzası altında əməkdar artist, İlham Əliyevin imzası ilə xalq artisti adını almışam. Mən bu xalqın sənətkarıyam, yenə də deyirəm. Bir mövqeyim var, bir üzlüyəm. Məni heç kim heç yerə yönəldə bilməz, sadəcə olaraq bir üzlü adamam. Bir mövqeyin sahibiyəm, sözümün ağasıyam. Sözü verdimsə, o sözün arxasındayam.

- Bu jestləriniz sizi Zeynəb Xanlarovaya bənzətdi.
- Zeynəb xanım canlı əfsanəmizdir. Ona oxşamaq isə mənimçün fəxrdir.

- Biz əksər hallarda müğənniləri ancaq toy məsələsi müzakirə olunanda yada düşən görürük. Onlar başqa vaxtı ortada olmurlar.
- Orası elədir. Amma söhbət yaradıcı insandan gedir. Toy insanın maddi durumu üçündür. Bu gün pulun yoxdursa, sən kimsən?

- Yeri gəlmişəkn İlkinin toyunda pulla oxuduz?
- Yox, pulsuz oxudum. Toyu başqa adam aparırıdı, mən qonaq kimi bir neçə mahnı oxudum.

- Gözəl geyinmişdiz orda.
- Yadımda deyil nə geyindiyim.

-Sarı rəngdə don. Bu gün elə vəziyyət yaranıb ki, müğənni ilə söhbət edəndə mümkün deyil ki, plastik əməliyyatla bağlı sual verməyəsən. Sanki müğənnilər üçün lazım olan plastika öz yerini plastik əməliyyata verib…
- Plastik əməliyyat bütün dünyada var. Bizimkilər onu elə əcaib formada açıqlayırlar, təqdim edirlər. Necə şounun sivil forması bizdə yoxdur, eləcə də plastik əməliyyatın.

- Elə bayaqdan sizi gözaltından süzürəm ki, görüm haranızda...
- Allahın verdiyi nədirsə, elə ona sağol demişəm. İndi cavan oğlan uşaqları var ki, dodaqlarını şişirdiblər, necə ediblərsə “M” hərfini deyə bilmirlər.

- Bir az da o cür əməliyyatlara səbəbkar sizlərsiz.
- Bizlər?

- Siz çox gözəlsiz axı, məsələn istəyirlər dodaqları Nazpərinin dodaqları kimi olsun.
- Əzizim, bu gün elə bir zamanda yaşayırıq ki, bu imkanlar varsa, niyə 65 yaşında olan insanlar efirə qırışla, utana-utana çıxsın. Əgər bu imkanlar varsa, niyə olmasın ki? Hər şeyin öz vaxtı var. Bu gün 28 yaşında cavan uşaqlar gedib burnunu, ağzını şişirdir nə boyda edir. Buna mən pis baxıram. Vaxtında plastik əməliyyat etdirən xanımlarımıza pis baxmıram, qoy etsinlər baxımlı olsunlar.

- Sizin uşaqlarınız necədir?
- Nə barədə?

- Elə bu barədə?
- Elə oğul böyütmüşəm ki, əsl azərbyacanlı kişisidir. Onlar belə şeyə çox pis baxırlar. Xüsusilə də kişilər bu həngaməni edəndə.

- Bir aralar şokolad qutularında fotolarınız var idi. Gerçəkdən o siz idiz?
- Bəziləri mən idim, amma çoxu mən deyildim.

- Amma hamısı sizə çox bənzəyirdi…
- O qızın adı ya Afər, ya da Afət idi. Anası Buzovnada şokolod istehsal edən kombinatın direktoru idi, vəkilim axtarıb tapdı onları. Mənim şəkillərim olan şirniyyatlar Türkiyədə istehsal olunurdu və biz müqavilə bağlamışdıq. O qızı tapdıq, mənim fanatım idi.

- Neynədiz o qıza?
- Heç nə etmədim, çünki məni sevən idi, fanatım idi. Bir ara şayiə çıxmışdı ki, Nazpəri ölüb. Daha doğrusu, bir layihə rəhbəri reytinq üçün bunu yaymışdı. Mən o zaman Moskvada idim. Təsəvvür edin, həmin qız bu xəbəri eşidəndə xəstəxanaya düşdü, danışmadı, yerimədi. Anası zəng elədi ki, Nazpəri xanım gəlin bu qız sizi görsün. Mən də Moskvadan Buzovnaya getdim. O, məni görüncə necə sevindi, qalxdı ayağa, o anı görərdiz.

- Bunları mətbuata danışmısız?
- Yox, ilk dəfədir danışıram

- Əməlli başlı şokolod qutularının tarixi varmış ki...
- Bilirsiz özümü niyə xoşbəxt hesab edirəm? Məni sevənlər müvəqqəti sevmir, ömürlük və ürəkdən sevir. Bu gün görürəm də, bəziləri bir gün filankəsin, səhər başqasının fanatı olur. Məni sevənlər həmişə qalır. “Xoş gəlmisiniz” verilişində Arif adlı fanatım var idi, mənimlə görüşəndə elə ağlayırdı. O, bu günə qədər də mənim sevgimlə müğənni, bəstəkar oldu.

- İnsan məşhur, şöhrətli, imkanlı olunca tənha olmağa başlayır. Sizdə necədir?
- Hərdən insan tənha olur, niyə yalandan deyim ki... Sənət dostlarım var, həyatda övladlarım, nəvəm var onların varlığına şükürlər olsun. Bəzən istəyirsən ki, sakitliyə qapılasan. Gedirəm bağa, dəniz kənarına. Özüm istəyirəm bir müddət tənha qalım. Düzü, tənhalıqdan qorxuram. Deyirəm ki, mən tənha olmamalıyam. Sonra yenidən övladlarımın, sevənlərimin yanına qayıdıram, heç kimə tənhalığı arzulamıram.

- Siz dediz ki, səhnənin öz geyimi var və illərdir siz buna əməl edirsiz. Sizi məhz geyim tərzinizə, saç düzümünüzə görə tez-tez tənqid edirlər? İllər keçib hələ də dəyişilməmisiz.
- Mən oğlaq bürcündənəm. Onlarda çox mərdlik, dönməzlik, sadiqlik var. Mən stilimə, geyimimə də sadiqəm. Bu baxımdan mən insanlara da sadiqəm. Bu mənim sadiqliyimin nümunəsidir. İnsanlara olan həqiqi sadiqliyimi bildirir. Mən dəblə də geyinirəm, başqalaşa da bilirəm. Mən dəblə ayaqlaşan adamam, amma mənim Nazpəri olduğumu hər kəs bilməlidir. Bu sadiqlikdir, etibarlılıqdır, heç bir zaman dönməzlik deməkdir.

- Bilmirəm siz də fikir vermisizmi, qadınlarımız hər yerə hündürdaban ayaqqabı geyinir. Adam var bulvara da “kabluk”la çıxır.
- Son zamanlar maşınla gedəndə görürəm. Hündürdabanda olmaq olar,amma əgər tələsirsənsə, maşınsız gedirsənsə, nə ehtiyac var boyda hündürdabana? Özün sərbəst olmursan, kənardan da çox eybəcər görünür.

- Evinizdə kitabxana var? Oxuyub eləyirsiz?
- Sözsüz ki, oxuyuram. Bu evdə yox, bağımda var kitabxana.

- Nə oxuyursuz indi?
- Bəlkə də sizə qəribə gələr hazırda Daulini oxuyuram. Fantastika mənim üçün maraqlıdır. Niyə bu sualı verdiz ki?

- Bilmək istəyirdim ki, təzə ədəbi mühitdən müasirlərdən kimləri oxuyursuz?
- Ədiblərimizin də etibarsızlığını gördüz də. Ona görə adam çox bel bağlamır.

- Çox istərdim ki, sizi bir dəfə kitab alarkən kitab evində görək.
- Mən istədiyim kitabı almıram, arzuladığım kitabı deyirəm gətirirlər. Kitab evində olmasam da, öz bağımda o mühiti yaratmışam. Balaca otağımda hər mövzuda kitablar var, dəblər, bəstəkarlar, muğamlar və musiqilərə aid.

- Mənə elə gəlir ki, heç kimlə xoşbəxt olmağı bacarmayan insan belə kitabla xoşbəxt ola bilər. O evdə ki kitab mühiti var, adam xoşbəxt ola bilər.
- Kitab da bir cür xəstəlikdir. Bir də görürsən ki, qocalmısan hələ kitabxanadasan. Bir şeyə içimdə maraq oyatdımsa, əl çəkmirəm. Çingiz Abdullayevin bir kitabına başladım gündüzüm də, gecəm də bu əsərə həsr olundu.

- İnsana imic formalaşdırmaq üçün bəzən bir ömür lazımdır. İnsan təsadüfən ləkələnə bilsə də, boşuna hörmt qazana bilməz. İlhamə xanımla yaranan qalmaqal sizi daha da məsuliyyətli etməldir və siz ona borclu olmalısız məncə.
- Borc dediz Mirəşrəf Fətiyevin borcu yadıma düşdü. Siz dediyiniz borc başqadır, amma Mirəşrəf Fətiyevə başqa adam borcludur. Qalmaqala gəlincə isə mən heç bir qalmaqalda iştirak etməmişəm. Mənə bir neçə dəfə Röya söz atıb ki, qalmaqal yaratsın, gülüb-keçmişəm. Aygün də qalmaqal istəyib susub keçmişəm. Bilirdim ki, onlar qalmaqal istəyirlər. Bu antireklamı özümə, şəxsiyyətimə yaraşdırmıram. İnsanın ağzından çıxan hər kəliməsi özünü təsdiq edir, kimliyin göstərir. Niyə qoşulum sizə? Amma bu son istəməyərək düşdüyüm qalmaqal haqqımın tələbi idi...


Söhbətləşdilər

Günel Əbilova, Elbrus Ərud