“Deyirdilər ki, sağdır, anası gecə ilə qurban payladı...” - Videomüsahibə

deyirdiler-ki-sagdir-anasi-gece-ile-qurban-payladi
Oxunma sayı: 7929

22 yaşlı Sənan Abdullayevlər ailəsinin Qarabağın azadlığı uğrunda qurban verdiyi ikinci şəhiddir. Zəngilanın Ağbiz kəndindən olan bu ailənin iki övladı - Şahin və Eynur Abdullayevlər Birinci Qarabağ müharibəsi başlayanda doğma torpaqların müdafiəsi üçün döyüşə yollanmışdılar. Sonra qardaşların biri qazi, digəri şəhid kimi dönüb... Əmisinin şəhadətindən 5 il sonra, dəfn edildiyi gündə dünyaya gələn Sənan da onun yolu ilə gedərək Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlib.

“Qafqazinfo” 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Sənan Abdullayevin ailəsinə baş çəkib, onunla bağlı xatirələri vərəqləyib.

Şəhid atası Şahin Abdullayevlə söhbətimiz elə ilk dəqiqələrdən ağır keçir. Həmsöhbətimiz deyir ki, oğlu qardaşının torpağa tapşırıldığı gün doğulanda hiss edib ki, o da əmisinin taleyini yaşayacaq.

Sənan uşaqlıqdan ailəsinə, doğma torpaqlarına bağlı olub. Heç vaxt görmədiyi Zəngilan, oradakı kəndlər, ocaqlarla maraqlanıb, nə vaxtsa oraya getmək, hətta Zəngilanda toy etmək arzusunda olub: “Sənan qardaşıma çox bənzəyirdi. Hiss edirdim ki, onun kimi şəhid olacaq. Elə ömrü də əmisinin həyatına oxşadı....

O vaxt, sanki, bəsirət gözümüz bağlı olub, Sənanı tanımamışıq. İndi oturub fikirləşirəm ki, Sənana istər dini, istərsə də digər mövzularda veriləsi suallarım çoxdur. Valideyn sevgisini də bizə o öyrədirdi. Atamı, anamı mənə, anasına necə sevməyi öyrədirdi. Həddindən çox sual verirdi, bəzən sübhə qədər söhbətləşirdik. O vaxt düşünürdüm ki, mənə nə qədər sual verir... İndi istəyirəm ki, oturub mənimlə söhbət eləsin. Aramızdan tez gedəcəyini, elə bil, bilirmiş. Ondan hələ o qədər öyrənəcəyim şeylər var idi...” 

Müharibə başlayanda Sənan valideynlərindən xəbərsiz qardaşı ilə birlikdə cəbhəyə könüllü getmək üçün müraciət edib. Şəhid atasının sözlərinə görə, oğlu qalib gələcəyimizə əmin olub, döyüşə gülə-gülə gedib, sevinib ki, qələbədə özünün və onun kimi qəhrəman oğulların payı olacaq: “Oktyabrın 1-i səhər Sənanı yola saldıq. Komissarlığın önündə baxdı ki, bizim bayrağımız yoxdur. Dostları ona bayraq tapıb gətirdilər, özü çıxıb komissarlığın qabağından asdı. Mənə dedi ki, bu bayrağı Zəngilanda, Ağbiz kəndində dalğalandıracağıq...

Cəbhədən evə çox az zəng edərdi, qaydalara əməl edirdi. Sonuncu dəfə oktyabrın 5-i qardaşı ilə danışıb, bizi ona tapşırıb. Sonra əlaqəmiz kəsildi. Onu bir az gec tapdıq. O vaxtdan sonra da sanki, yanımızdadır. Hər an onun nəfəsini hiss edirəm. Əvvəllər çox istəyirdi ki, mən də onun kimi namaz qılım, ibadət edim. Alınmırdı, müxtəlif bəhanələr çıxırdı. Öz şəhadəti ilə məni namaza gətirdi”.

Oktyabrın 5-i şəhid olan Sənan Abdullayevin nəşi noyabrın 20-si müəyyən edilərək torpağa tapşırılıb. Atası deyir ki, oğlunun şəhid olduğu ona yuxuda ayan olub: “Oktyabrın 10-15-dən Sənanı axtarmağa başladıq. Çoxlu ümidverici xəbərlər alırdıq, deyirdilər ki, sağdır, görənlər olub. Noyabrın 1-i doğum günü idi. Dedilər ki, bizi onunla danışdıracaqlar. Biz də özü olmadan ad günü keçirirdik. İki qurban kəsdik, anası özü gecə payladı. Sevinirdik ki, balamızla danışacağıq. Amma olmadı...

Mən ayın 6-sından hiss edirdim ki, şəhid olub. Yuxuda da görmüşdüm. Noyabrın 20-də səhər mənə acı xəbəri verməmişdən əvvəl dedilər ki, möhkəm ol, ata. Elə onda daşı bağladım ürəyimə. Bu, mənim üçün birinci yara deyildi, ikincisi idi...”

Şəhid anası Gülbəniz Abdullayevanın sözlərinə görə, Sənan Bakıdakı ev-eşiyi bacı və qardaşına qoyaraq valideynləri ilə birlikdə Zəngilana getmək istəyirmiş. Hətta özünə orada toy etməyi də arzu edib: “Bizə kimisə sevdiyini deməmişdi. Bir dəfə yerini yığanda yastığının altından şəkil tapdım. Özünə heç nə demədim. Sonra gəlinim də görmüşdü, ona etiraf eləmişdi ki, bir qız var. Söyləyib ki, hələ elə-belə danışırıq. Amma deyirdi ki, Zəngilan alınsın, orada toy edəcəyəm. Deyirdi, mən işarət edəcəyəm, amma siz bəyənib alacaqsınız qızı. Heç oraya gedib çıxmaq ona qismət olmadı.

Mənə deyirdi, səni Zəngilana, Ağbizə aparacağam. Oraya getdim, dedim, bala, sən gedib çıxa bilmədin, mən gəldim...

Sonuncu dəfə mənimlə oktyabrın 4-ü danışdı. Hal-xoş elədi, dedim, Sənan, qabağa getmə... Dedi, narahat olma”.

İndi ailənin yeganə təsəlli yeri Sənanın uyuduğu II Fəxri xiyabandır. Şahin Abdullayev burada övladı ilə hər görüşündə hüzur tapır: “O vaxtdan nəsə narahatlığım olanda II Fəxri xiyabana gedirəm. Oradakıların hamısı mənim üçün Sənan qədər əzizdir. Orada cənnət qoxusu var, bütün ağrı-acılarımı unuduram, yaralarım sağalır.

Bircə ona heyfsilənirəm ki, Sənanın istədiyi zaman onunla vaxt keçirə bilmədim. Ona o qədər suallar verəsi idim ki... Mən yenidən dünyaya gəlsəydim, istəyərdim ki, onun kimi yaşayım. Bilmirəm bacararammı?..”

Qeyd edək ki, Sənan Abdullayev şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Vətənə xidmətinə görə” medalları ilə təltif olunub. 

Gülnar Əliyeva

Video - Foto: Xəyal Vəlizadə

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.