“Bu, hər 3 qadından birində yaranan xəstəlikdir” - Dr. Aslan Cəfərovla müsahibə

bu-her-3-qadindan-birinde-yaranan-xestelikdir
Oxunma sayı: 3643

“Leyla Medical Center”in radioloqu Dr.Aslan Cəfərov hər 3 qadından birində yaranan osteoporoz xəstəliyi haqqında danışıb. 

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- 50 yaş üstü hər 3 qadından birini təhdid edən osteoporoz xəstəliyi nədir və bu xəstəlikdən necə qorunmaq lazımdır?

- Xalq arasında sümük əriməsi olaraq da adlandırılan osteoporoz erkən mərhələlərdə böyük problemlər yaratmasa da, yaşlandıqca sümük zədələnməsinə, qamət deformasiyasına və sınıqlara səbəb ola bilər. Osteoporozun ən diqqət çəkən cəhəti odur ki, adətən səssiz irəliləyir və sümükdə sınıq əmələ gəlməzdən əvvəl heç bir əlamətə səbəb olmur.

Bu gün 50 yaşdan yuxarı hər üç qadından birini təhdid edən osteoporoz yaşlı kişilərdə də müşahidə edilir. Mən sizə cəmiyyətdə ən çox rast gəlinən metabolik sümük xəstəliyi olan və hazırda xalq sağlamlığı probleminə çevrilən osteoporoz haqqında mühüm məlumatlar verəcəyəm.

- Bu xəstəlik necə yaranır?

- Uşaqlıq dövründə artan sümük kütləsi 30-35 yaşda pik həddə çatır, sonra isə hər il orta hesabla 1 faiz azalır. Qadınlarda, menopozdan sonrakı ilk illərdə, estrogen hormonunun qoruyucu təsiri azaldıqca, illik itki nisbəti 3-5 faizə çata bilər. Bunun altında yatan səbəb qadınların anatomik quruluşunda sümük sıxlığının kişilərə nisbətən daha az olmasıdır.

- Bundan başqa kimlər bu riski daşıyır?

- 3 aydan çox hormonal müalicə alanlar;

Hipertiroidizm xəstələri;

Antiepileptik dərmanlardan istifadə edənlər;

Valideynlərində osteoporoz olanlar;

1 aydan çox yataqda olanlar;

Menopozda olan qadınlar;

Kimyaterapiya alan insanlar;

Oturaq həyat tərzi keçirənlər, artıq çəkisi olanlar, alkol istifadəçiləri.

- Vaxtında aşkar olunmazsa, hansı nəticələrə gətirib çıxarır?

- Osteoporozun ən qorxulu və arzuolunmaz əlaməti irəli yaşlarda bud sümüyü boynunun sınığıdır. Bu dövrdə bud  sınığı olan xəstələrin 20-25 faizi digər əsas xəstəliklərin ağırlaşmasından  dünyasını dəyişir. Osteoporoz səbəbiylə fəqərə sınıqları bel ağrısı kimi özünü göstərir. Davam edən prosesdə qarın içi orqanlara təzyiq nəticəsində boy qısalması, qozbellik, qəbizlik və yanma kimi mədə və bağırsaq problemləri yaşanır. Osteoporoz səbəbiylə ən çox rast gəlinən sınıq bilək sınıqlarıdır. 50 yaşda sadə yıxılmalar nəticəsində meydana gələn bilək sınıqları gündəlik həyat fəaliyyətini pozan mühüm faktordur.

- Osteoporoz xəstəliyinin diaqnostikası necə həyata keçirilir?

- Osteoporozun diaqnostikası sümüklərin mineral tərkibinin ölçülməsi ilə həyata keçirilir.

Ən çox istifadə edilən diaqnostik üsullar dual x ray absorbsiometriya (DXA) və Quantitative CT sümük densitometriyasıdır.

DXA ən çox istifadə edilən metoddur. Sümük sıxlığı barədə önəmli bilgilər verir .Ölçüm zamanı məruz qalınan radiasiya dozası çox azdır.

DXA-nın dezavantajları çəkim texnikasının düzgün aparılmasında yanlışlıq riskinin çox olması.Yaşa bağlı yaranan osteoartroz və osteofitlər, sınıqlar, skolioz, Aorta kalsifikasiyası, endoprotez olduğu zaman yalançı normal nəticə verilməsidir.

Osteoporoz səbəbilə yaranan sınıqların təxminən 55%-i DXA cihazı ilə görülə bilmir.

Bu durumlarda ən düzgün metod QCT-dir.

QCT Amerika Radioloji Dərnəyinin və Ümumdünya Səhiyyə Təşkilatının icazəsini almış güvənilən müayinə metodudur.

QCT -nin avantajları:

-Bəzi xəstələrdə bud-çanaq oynağında yaranan ankiloz hesabına DXA cihazında çəkiliş pozisiyası mümkün olmur. Ancaq QCT-də sadəcə uzanmaq çəkiliş aparılması üçün kifayət edir.

-Digər diaqnostik sistemlərdə sümüklər bütöv dəyərləndirildiyi halda QCT sümüyün iç –trabekular hissəsində ölçüm aparmağa imkan verir.Belə ki osteoporoz sümüyün əsasən iç qismində başlayır.

-Skolioz deformasiyalı xəstələrdə bir fəqərə digər fəqərə ilə superpoze olması DXA cihazında diaqnostik imkanları irəli dərəcədə azaldır. Ancaq QCT 3-boyutlu sistem olduğu üçün bu tip deformasiyalar diaqnostik çətinlik yaratmır.

-Kök xəstələr- bilirik ki, piy toxuması rentgen şüalarının keçiriciliyini azaldır və diaqnostik imkanları məhdudlaşdırır. Ancaq QCT-də belə problem yoxdur.
-Aorta kalsifikasiyası olan xəstələr bu müayinədən yararlanır.

-Çəkiliş 2 dəqiqə çəkir. DXA cihazında bu müddət 25 dəqiqədir.

-Taramalar zamanı ən az şüalanma dozası seçilir.

-Daha öncə tam qarın boşluğu, lumbar KT keçən xəstələrin təkrar müayinə keçməsinə gərək qalmadan bu ölçümlər aparıla bilir. Əsas odur ki, müayinə sahəsinə bel fəqərələri və bud sümüyü boynu düşsün.

Xatırladım ki, Quantitativ CT sümük densitometriyasını Azərbaycanda bir ilk olaraq Leyla Medical Center-də artıq 3 aydır ki, uğurla tədbiq edirik.

- Osteoporozun müalicəsi necə aparılır?

- Osteoporozun qarşısının alınmasına gənc yaşlardan başlamaq lazımdır. Gündəlik olaraq kalsiumla zəngin qidalar qəbul etməklə, günəş işığından yararlanaraq kifayət qədər D vitamini alaraq, nizamlı idman etməklə əzələ kütləsini və dolayısı ilə sümük kütləsini artırmaq mümkündür. Ediləcək məşqlər cazibə qüvvəsinə qarşı müqavimət hərəkətləri olmalıdır. Basketbol, voleybol, iplə atlama, qaçış və s. İlkin mərhələdə məşqlərə üstünlük verildiyi halda, daha yaşlı yaşlarda gəzmək və ya sadəcə əyilmək kifayət edəcəkdir. Bundan əlavə, qanda D vitamini səviyyəsi çox aşağı olarsa, D vitamininin əlavə edilməsi, siqaret və spirtdən uzaq durmaq, qazlı və kolalı içkilərdən istifadə etməmək, çay və qəhvə istifadəsini gündə 2-3 fincanla məhdudlaşdırmaq məsləhət görülür. Dərman müalicəsi tələb edən şəxslər üçün ilk seçim bifosfonat qrupu dərmanlarıdır. Bifosfonatların qeyri-kafi olduğu və ya yan təsirlərə görə istifadə edilə bilmədiyi hallarda digər dərman variantları ön plana çıxa bilər.