Dövlət Su Ehtiyatları Agentliyində qanvermə aksiyası - Fotolar

dovlet-su-ehtiyatlari-agentliyinde-qanverme-aksiyasi
Oxunma sayı: 1278

İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədilə Dövlət Su Ehtiyatları Agentliyində qanvermə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyada B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Qanvermə aksiyasında idarə və müəssisələrdə çalışan əməkdaşlar fəal iştirak edib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsinə dəstək çağırışına uyğun olaraq bu könüllü humanitar aksiyanın keçirilməsi ənənə halını alıb. Bu tədbir ölkəmizdə qan bankının yaradılması, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.