“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hətta yenə də şans var idi. Ancaq onlar Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalı idilər. Onlar ziddiyyətli bəyanatlara son qoymalı idilər. Bir tərəfdən deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Yəni, bu, necə mümkün ola bilər? Bu o demək idi ki, utancverici məğlubiyyətdən üç il sonra, öz məlumatlarına görə, 12 min fərarisi olan, bizim ərazilərimizdən sprinter kimi qaçan həmin Ermənistan bizə qarşı yeni ərazi iddiası irəli sürür”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı bildirib ki, bu, artıq qırmızı xəttin növbəti dəfə pozulması idi:
“9 sentyabr tarixində artıq bu, neçənci qırmızı xəttimiz idi. Qondarma Dağlıq Qarabağın qondarma “parlament”i 22 nəfərin səsi ilə “Dağlıq Qarabağ rejimi”nin “prezidenti”ni seçdi və həmin o “prezident” öz çıxışında qeyd etdi ki, biz status uğrunda mübarizə aparacağıq. Yəni, bu nə deməkdir və biz buna necə cavab verməliyik?! Biz buna necə dözə bilərdik? Əlbəttə, biz buna dözə bilməzdik. On gün bundan əvvəl baş verən hadisələrin səbəbi Ermənistan baş nazirinin məsuliyyətsiz siyasəti və onun himayədarlıq etdiyi Qarabağdakı separatçılar idi, onların hərəkətləri idi”.