“Bizimlə ultimatum dili ilə danışırlar” - Bakıdan rəsmi etiraz

bizimle-ultimatum-dili-ile-danisirlar
Oxunma sayı: 5013

“Bura yığışmağımızın səbəbi Venesiya Komissiyasının saytında 26 sentyabrda keçiriləcək referendumla bağlı dəyişikliklər aktına verilmiş rəydir. Bizim Venesiya Komissiyası ilə əməkdaşlığımız qarşılıqlı hörmət əsasında qurulub”.

Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, komissiya ilə bəzi hallarda razılaşmalar olmasa da, qarşılıqlı münasibətlər olub: “Adətən komissiya ilkin rəy hazırlayandan sonra Azərbaycan tərəfinə göndərirdi, fikirlər öyrənilirdi. Lakin naməlum səbəblərdən bu dəfə rəy hazırlanarkən qaydalar kobudcasına pozulub.

Biz fakt qarşısında qoyulmuşuq. Konstitusiyaya təklif edilən 29 maddəyə dəyişikliyə dair iki həftə müddətində rəyin hazırlanması mümkündür. Burada kifayət qədər qeyri-dəqiqlik və kobud səhvlərə yol verilib. Məsələn, rəydə 159-cu maddəyə istinad edilir. Amma bizim konstitusiyada 159-cu maddə yoxdur. Dəyişiklik layihəsinə ümumilikdə müsbət rəy verilib. Venesiya Komissiyası rəydə heç bir dünya ölkələrinin təcrübəsinə yer verməyib”.

Şöbə müdiri bildirib ki, komissiyanın referendumla bağlı əsas narazılığı icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır: “Söhbət referendum aktı qəbul edilsə, təsis ediləcək vitse-prezidentlər institutundan gedir. Yanaşma budur ki, təyinatlı vitse-prezidentlik instutu demokratik deyil. Hansı beynəlxalq sənəddə belə demokratik standart əksini tapıb? Belə demokratik standart yoxdur. ABŞ-da prezident səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezident icra edir. Vitse-prezident bu səlahiyyəti icra edə bilmədikdə, prezidentin səlahiyyətini seçilməmiş nazirlər ardıcıllıqla icra edir və heç kim də bunu qeyri-demokratik adlandırmır".

Administrasiya rəsmisinin sözlərinə görə, mətbuatda yazılıb ki, Nazirlər Kabineti ölkədə gedən islahatların lokomotivinə çevrilə bilməyib: “Bu fikirlə müəyyən qədər razılaşmaq olar. Hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində Nazirlər Kabineti aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür iş fəaliyyəti üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institutun olması günün tələbidir”.

Ş. Əliyev deyib ki, Venesiya Komissiyasının digər narazılığı prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlıdır: “Amma bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Fransa qanunvericiliyində də prezident parlamenti çox asanlıqla buraxa bilər.

Biz Venesiya Komissiyası ilə heç vaxt belə işləməmişik. Oktyabrın 15-də keçiriləcək plenar iclasda rəy təsdiq olunmalıdır. Biz çalışacağıq ki, Azərbaycan hökumətinin rəyi həmin sənəddə öz əksini tapsın”.

Ş.Əliyev bildirib ki, sözügedən rəy Azərbaycana qarşı bir sifarişdir və bu sifariş AŞPA-dakı bəzi deputatlardan gəlir: “Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır. Bizimlə heç kim əlaqə saxlamayıb, nə zəng, nə də rəsmi müraciət edilməyib. Onlar bizə imkan verməli idi ki, biz o rəylə tanış olaq. Bu dəfə prosedur kobudcasına pozulub, bizimlə ultimatum dili ilə danışırlar”.

Şöbə müdiri Azərbaycanın Konstitsiyaya dəyişikliklərə rəy verilməsi üçün Venesiya Komissiyasına müraciət etməməsinə də aydınlıq gətirib: “Biz Konstitusiyaya dəyişiklikləri mühüm saymadıq. Söhbət Azərbaycan prezidentinin əlavə səlahiyyət verilməsindən getmir. Vitse-prezilentlər əlavə səlahiyyətlər gətirmir. Söhbət idarəetmənin təkmilləşdirilməsindən gedir. Vitse-prezidentlərin adı katiblər də ola bilərdi. Söhbət islahatların sürətlə həyata keçirilməsindən gedir. İnsan hüquqları ilə bağlı məsələlərə isə Venesiya Komissiyasının mənfi yanaşması olmayıb”.

Günel Türksoy

Foto Nuran Məmmədov