Masallıda dəhşətli qəza - 3 ölü

masallida-dehsetli-qeza-3-olu
Oxunma sayı: 1008

Masallı rayonunun Hüseynhacılı kənd sakini, 45 yaşlı Etibar Məmmədbağır oğlu Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı avtomaşın Astara istiqamətində hərəkətdə olarkən, qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan İran İslam Respublikasının vətəndaşı, 32 yaşlı Baharpur Sohil Əzizin idarə etdiyi “Volvo” markalı yük avtomaşını ilə toqquşub.

Nəticədə “Mersedes-Benz” markalı maşının sürücüsü Etibar Mirzəyev və maşında olan sərnişin həmkəndliləri 44 yaşlı Racət Rəcəb oğlu Qəmbərov və 47 yaşlı Cəmilağa Əliağa oğlu Talıbov hadisə yerində keçiniblər. Onların meyitləri müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Masallı rayon şöbəsinə gətirilib. “Volvo” markalı maşının sürücüsü hadisəyə səbəb kimi “Mersedes-Benz” markalı maşının yüksək sürətlə hərəkət etdiyini bildirib.

“İdarə etdiyim maşının sürəti hardasa 20-30 olardı. Birdən qabağıma çıxdı. Mən çox istədim maşını qaçıram, ancaq alınmadı. Qarşı tərəfdəki avtomobilin sürəti yüksək idi”, - deyə Baharpur Sohil Əziz vurğulayıb.

Qeyd edək ki, hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib. İşi araşdıran BDYP-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun ANS PRESS-ə verdiyi məlumata görə, qəzaya səbəb “Mersedes-Benz”in sürücüsünün əks istiqamətdə hərəkətdə olan maşının yaxınlaşmasını nəzərə almadan qarşı hərəkət zolağına çıxması olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 maddəsilə cinayət işi açılıb. Sürücülərin sərxoş, yaxud da nəqliyyat vasitələrində texniki nasazlıqların olub-olmaması aparılan araşdırmalar nəticəsində müəyyənləşəcək. Hadisə şahidlərinin bildirdiyinə görə, “Mersedes-Benz” markalı maşındakılar toydan qayıdırmış.