“Nə İsa Qəmbərdən, nə də Əli Kərimlidən üzr istəmişəm”

ne-isa-qemberden-ne-de-eli-kerimliden-uzr-istemisem-
Oxunma sayı: 753

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Qafqazinfo”ya müsahibəsi:

- Prezidentin son çıxışında müxalifətlə bağlı bəzi fikirlər səsləndirdi. Onların xaricdən maliyyələşməsi ilə bağlı bir sıra sərt fikirlər səsləndirdi. Münasibətinizi bilmək istərdik.
- Cənab prezident hələ az dedi. Müxalifət spektri bir az genişdir. Biz də müxalifətik. Orada deməli idi ki, Azərbaycanda özünü müxalifət adı ilə sırıyan iki nəfər şəxs ölkə müxalifətini monopoliyaya alıbdır. Azərbaycan müxalifətinin adından geninə-boluna beynəlxalq aləmdə, daxildə istifadə edirlər. Mirmahmud bəy də, Sərdar bəy də, mən də, Lalə xanım da müxalifətdir. Gətirib bizi bu satqınların siyahısına qatmaq olmaz axı. İsa Qəmbər xalqa qarşı düşmənçilik edir, bu düşmənçilik indi də davam edir, “Evrovision” ərəfəsində də davam etdi, müsabiqədən sonra cənab prezident gözəl dedi ki, niyə görə mitinqlərə, piketlərə ara verildi. Məgər siyasət ancaq “Evrovision”la məhdudlaşır? Lakin konkret ad çəkilməli, göstəriş verilməli idi. Onların siyasi fəaliyyəti də yoxlanmalı idi. Siyasətçiyik, bizə dəyməsinlər, bizim imicimiz var, tanınırıq deməklə deyil axı. Bəlkə də cinayət ediblər, deyirlər bizə dəyməyin. Elə şey olar? Əsas məqsəd “Evrovision” ərəfəsində Azərbaycanı kifayət qədər nüfuzdan salmaq və xarici dövlətləri ölkəmizin üstünə çəkmək və Azərbaycanda müharibə başlatmaq, blokadaya alaraq onu sıxmaq idi. Bununla bağlı mənim əlimdə kifayət qədər faktlar var idi və mən bunları mətbuat vasitəsi ilə çatdırdım. Müxalifətçilik o demək deyil ki, axşama kimi ağzına gələni, yalan danışasan, ağa qara deyəsən. Ona görə də fikirləşdik ki, Azərbaycan partiyaları iki partiyadan ibarət deyil, o biri düşərgə də, sağlam müxalifət də var. Cənab prezident bunları ayırd edib, bu məsələrlə bağlı ciddi şəkildə araşdırmalar aparılmasını və xalqa təqdim edilməsini göstəriş versəydi daha yaxşı olardı.

- Qarşıdan 2013 gəlir. Nə planlaşdırırsınız bununla bağlı?
- Azərbaycanda bugünkü seçki haqqında qanunda böyük dəyişiklik gedir. Seçki haqqında qanunda xalqla görüş, televiziyalarda çıxış, imzaların toplanması kampaniyasında çox qısa müddət fasilə var. Bunları nəzərə alsaq, 2013 prezident seçkilərində belə qısa müddətlə iştirak etmək və fikrini xalqa çatdırmaq düşünürəm ki, yersizdir. Biz bununla heç bir şeyə nail ola bilmərik. Azərbaycanda bugünkü seçki haqqında qanun tam təkmilləşməyib və bütün Azərbaycanın siyasi elitası, partiyaları ilə birgə müzakirə edilməlidir. Hər kəs özünə uyğun qanun təklif etməməlidir. Ortaq məxrəcə gəlinməlidir. Azərbaycanın milli maraqları naminə 2013-cü ildə keçiriləcək seçkilərin mühüm önəmi olacaq. Azərbaycanın taleyi həll olunacaq. Bu seçkilərə də qeyri-demokratik don geyindirsək, haradasa saxtakarlığa yol versək, nəyinsə üstündən xətt çəksək Azərbaycanın imicini tamamilə korlamış olacağıq. 2013-cü ildə mən də prezidentliyə namizədliyimi verəcəm. Hər halda bir-iki partiya sədri var, onlar da vahid namizəd uğrunda mübarizə aparırlar. Hansı olsa yenə mənimlə üzləşəcək. Düşünürəm ki, yenə də qalib gələn mən olacam. Bu xalqım üçün nə lazımdır onu etməkdən ötrü, ya konstitusion şəklində, ya tək şəkildə, qalib gəlsəm millət üçün, Dağlıq Qarabağın mübarizəsi üçün aparılan mübarizədə ön sıralarda olacam. Biz bütün məsələləri şəxsi mövqeyə çəksək Azərbaycanı daha da parçalanmış görəcəyik. Dağlıq Qarabağı, Zəngəzuru, Göyçəni itirmişik. Bilmirəm bu seçkilərdən sonra haranı itirəcəyik. Ona görə də çox ciddi şəkildə mübarizəyə qoşulmaq üçün siyasi islahatlara gedilməlidir. Ölkədə bu istiqamətdə milli barışıq naminə addımlar atılmalıdır. Azərbaycanda sağlam qüvvələr var ki, onlarla birgə bu işlərin öhdəsindən gəlmək mümkündür.

- Siz seçkilərdə qalib gələcəyinizə əminsiniz?
- Mən deyirəm qalib gələcəm. Əgər vahid namizəd İsa Qəmbər yaxud Əli Kərimli olsa fərqi yoxdur, mən qalib gələcəm. Yəni bu gün özünü ana müxalifət adlandıran düşərgədən kim olsa mən onları üstələyəcəm. Buna heç şübhəm yoxdur. Görək kim xalqı necə inandıracaq. Çalışacağıq xalqa xəyanət edən qüvvələr hakimiyyət başına gəlməsin. Hazırda Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləməsi ilə bağlı mənim qaldırdığım müraciət əsasında dindirmələr gedir. Hələ bilmək olmaz 2013-cü ilə qədər kim qalacaq, kim gedəcək. Hələ vaxt var. Lakin bu vaxta qədər müəyyən təmizləmə aparılmalı, saflaşma işi getməlidir. Xalq da bilməlidir ki, kimin arxasınca gedəcək, kimin dediyi sözdə əsas var. Azərbaycanda radikal qüvvələrə qarşı çox ciddi mübarizə aparacağam. Düzü onlara güzəştə getmək istəyirdim. Lakin biləndə ki, onlar erməni diasporası ilə birləşib Azərbaycan xalqına xəyanət edir, buna artıq dözə bilməzdim. Siz görürsünüz ki, Akif Nağı Qəmbərov İsanın erməni təşkilatlarından biri ilə işbirliyini açıb. Camaatın hamısı yalan danışa bilməz ki. Mənim Azərbaycan mediasından da, televiziyalarından da böyük incikliyim var. Kərimov Əli elə bir əldəyməz şeydir. Necə ola bilər ki, gedib erməni milli hərəkatı ilə birgə iş aparsınlar, biz onların adlarını çəkməyək ki, ayıbdır, lakin onlar Azərbaycanı hərraca qoysunlar. Buna görə də mənim mübarizəm ciddi olacaq. Bu onlar üçün axırıncı ölüm dirim savaşı olacaqdır. Ya mən qalib gələcəm, ya da ki, bunlarla siyasi mübarizəsinin daha radikal formalarını işləyib hazırlayacağıq.

- Yadınızdadırsa? siz bir müddət əvvəl səhv etdiyinizi etiraf etmişdiniz, üzr istəmişdiniz onlardan. Bu, bir qədər təzad yaratmır ki?
- Mən nə İsa Qəmbərdən, nə də Əli Kərimlidən zəng edib üzr istəmişəm. Mətbuatda dedim ki, Azərbaycanın milli mənafeyi naminə istənilən adamdan üzr istəyib bir yerdə ola bilərəm. Bu gün də deyirəm, əgər onlar səmimidirlərsə, Azərbaycanın milli maraqları baxımından çıxış edirlərsə, Dağlıq Qarabağ məsələsinin həllində ciddi addım atmaq istəyirlərsə mən bunlarla bir yerdə olmağa hazıram. Mən dedim ki, lazım gəlsə onların keçmiş əqidə yoldaşlarından da üzr istəyərəm, istəyirəm yox istəyərəm, bir şərtlə ki, Azərbaycanın milli maraqları xətrinə bir yerdə olaq. Bunlarla il yarım aparılan danışıqlarda gördüm ki, bu insanları milli maraqlar maraqlandırmır. Onların quyruğu soyadını dəyişən ermənilərin əlindədir. Bunu mən sübut etmişəm, faktlar var. Bu gün Qəmbərov İsa desin ki, Azərbaycanda milli barışıqdan ötrü bütün addımları ataq, mən yenə razılaşacam. Burada əsas faktor Dağlıq Qarabağ məsələsidir. Görürsünüz ki, ATƏT-in Minsk qrupu çalışır ki, Dağlıq Qarabağ rəhbərliyini danışıqlarda həmtərəf kimi iştirak etməyə cəlb etsin, bir dənə bəyanat verməyiblər. Ona görə ki, ixtiyarları əllərində deyil. Mən dəfələrlə onların əshabələrinə dedim, o cümlədən İctimai Palatada söz sahibi olan insanlarla görüşdüm, Koordinasiya Şurasının üzvləri ilə də görüşdüm və bunlar heç biri bu işə getmədilər. Mənim fikirlərimi Mirmahmud bəy də, digərləri də təsdiqlədi. Ona görə də mən onların heç birindən üzr istəməmişəm. Necə müxalifətdirlər ki, “Azadlıq” da, “Yeni Müsavat” da dövlət tərəfindən maliyyələşir. Nə marağı var bunun? Deməli, bunların hamısı agentura şəbəkəsidir, hakimiyyətin müxtəlif qollarına işləyirlər. Mən heç bir qəbahət etməmişəm, kişi kimi işləmişəm, Əbülfəz Elçibəyin vaxtında nazir olmuşam, onların üzlərini ağardan mən olmuşam, onlar kimi xarici banklara qızıl yığmamışam... Əli Kərimlinin oğlu niyə əsgərliyə niyə getmədi? Gedib Londonda mağaza işlədir. Yaxud İsa Qəmbərin oğlu bir ay əsgərlikdə qaldı, “yararsız” adı ilə əsgərlikdən azad edildi. Bunlar hansı vətənpərvərlikdən, müstəqillikdən danışırlar. Bunlar indi ailələri ilə birgə Londonlarda, Fransalarda yaşayırlar, bunlar millətin qeydinə qalandı? Mən bu gün üzr istəyə bilərəm millətimdən ki, gəlin birləşib torpaqlarımızı azad edək. Bunlar da bu işə getmirlər və getməyəcəklər də. Çünki xaricdən maliyyələşirlər. Bunu Əbülfəz Elçibəy də bilirdi. Necə olur ki, Elçibəyin hakimiyyətdən getməsi üçün bu iki şəxs “Yurd”, “Musavat” partiyaları yaratdılar. Nəyə lazım idi ki, ölkədə ikitirəlik yaratmaq? Mən o zaman nazir olanda Əli Kərimli mənə deyirdi ki, Nazirlər Kabinetinə, Pənah Hüseynovun yanına getmə, Nazirlər Kabinetinin sədri deyirdi ki, Prezident Aparatına getmə. Bunlar bu əqidənin yiyəsidirlər. Bunların milyardları var, hamısı da xarici banklarda. Sənin niyə Londonda bir dənə mağazan yoxdur? Oğlun niyə gedib Londonda ali təhsil almır? Sual ortaya çıxır, bəs bunlar haradan alırlar bu pulları? Biz bir ay çalışmayanda uşağımız acından ölür. Necə olur ki, bunların ailələri hakimiyyətdə olan bəzi rüşvətxorlardan da yaxşı yaşayır. Məni budur narahat edən. Gecə-gündüz bu haqda düşünürəm. Mən imkan verməyəcəm ki, Azərbaycanda hakimiyyətə siyasi satqınlar gəlsin. Əgər belə olsa biz üsyan qaldıracağıq. Əgər bunların hər hansı bir şansı olacaqsa, biz Azərbaycanda üsyan edib vətəndaş hakimiyyətinə kimi gedəcəyik. Onlar gəlsinlər mən müxalifətdə olacam. Görək bir ay hakimiyyətdə qala biləcəklər? Mən razıyam gəlsinlər, əgər bircə ay qala bilsələr nə istəsəniz deyin. Demirəm Azərbaycanda hər şey əladır, hər şey düzəlib, axarında gedir. Rüşvət də var, nöqsanlar da, korrupsiya da var. Bunları inkar etmirik. Lakin gəlin görək, Azərbaycan müxalifəti, 20 ildir müxalifəti inhisara almış insanlar, bu gün Azərbaycan xalqını toparlamaq üçün hansı addımı atıblar. Mən əminəm ki, Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləməsi ilə bağlı müraciətim çox ciddi araşdırılır və o, 2013-cü il seçkilərinə kimi qalmayacaq. Həbs olunacaq...