Sevişərkən avtomatı unutmayın!

seviserken-avtomati-unutmayin
Oxunma sayı: 1445

Neçə ilin tanışıyıq. Səhərə kimi araq içdiyimiz də olub, nəşə dalınca “Bankə” qəsəbəsinə gedib çıxdığımız da. Tabletka atıb dəli dana gözlərini andıran gözlərimizi bir nöqtəyə də zilləmişik, günlərlə hər şeyin daşını atıb yazmağa-pozmağa da girişmişik.
Gəncliyimizin qaranlıq səhifələrinə, Mirmehdinin subaylığına azacıq işıq tutsam, onun “Neftçilər” metrosunun çiyninə qonmuş barların birində stolumuzdakı xanımlara söz atan avaranı bircə yumruqla vurub aşırdığını da xatırlaya bilərəm, içkinin üstündən nəşə çəkib pis hala düşən qızı özünə gətirmək üçün qulağının dibinə bir şapalaq ilişdirdiyini də:
- Qorxutma özünü qancığın qızı, qorxutma, dərindən nəfəs al, keçəcək.


***

Mirmehdi evlənəndə hər şeyin daşını atdı. Mənimlə halallaşmağa gələndə dediyi sözləri indi də kədərsiz xatırlaya bilmirəm:
- Mövlud, sən mənim balaca qaqamsan, həmişə də belə olacaq, mən səni çox istəyirəm. İndi mən evlənirəm. Bundan sonra məsuliyyət daşıyacam, sevdiyim qadın, gələcəkdə övladlarım. Üstəlik yaş da keçir, ürəyimdə deməyə sözlərim var, özümüzə yazıçı deyiriksə, gərək ortaya ciddi yazılar qoymağa ən azı cəhd edək. Sonrası alınar-alınmaz o, başqa məsələ. Amma mən özümü, içimdəki sözləri yazmaq istəyirəm. Yazmaqdan, sevdiklərimin yanında olmaqdan savayı, heç nə xoşbəxt etmir məni, gözəl dost. Sən də çox yubanma belə həyatda. İstedadlı oğlansan, qələmin var, yazıya tapşır ruhunu.
Sonra dostum məni bağrına basıb vidalaşdı, “bir də məni belə həyatda görməyəcəksən, amma bir dərdin olsa, qardaşın yanındadır,” – dedi.
O gündən biz az-az görüşməyə başladıq. Mirmehdini ancaq ədəbi tədbirlərdə, spirtsiz çayxana məclislərində gördüm. Dostum ləyaqətli xanımı, və yazdıqları ilə rahatlıq tapır bu fani dünyada. İşıq üzünə çıxardığım bütün yazılarıma görə mənə zəng edir. Tərifləyib göyə qaldırdığı da olur, tənqid edib yerdən-yerdən vurduğu da. Ən əsası odur ki, Mirmehdi məni tərifləyəndə və tənqid edəndə qəlbinin səsinə qulaq asır. İlahi! Bu ifadəni necə gözdən salıblar: “Qəlbinin səsinə qulaq asmaq!”

***

Yaxınlarda onun qəlbinin səsini bir daha eşitdik. Dostum “Küləyi Dişləyən” lə gəldi görüşümüzə. Nəşriyyat əsəri belə təqdim edir:

“İnsan mələklərdən də yuxarı qalxa, heyvandan da aşağı enə bilər.

Milyonlarla evə işıq da verə bilər atom, milyonları ölümə də göndərə bilər.

İçində yaxşılıq cövhəri daşıyan insan bu cövhəri əzib dünyanın ən murdar adamına da çevrilər.

Gülümsəməsi ilə ətrafındakıları məftun edən varlıq qəhqəhə çəkəndə ən vəhşi heyvanı da geridə qoyar.

Hər şey mühitdən asılıdır. Küləyi dişləyən adamın günahı sevmək idi, sevişmək idi.

Hərbi xidmətdə sevmək olardı, sevişmək yox. O, mələk kimi qarşısına çıxan qızı sevəcək və sevişəcəkdi. Bu, günah idi.

“Günah”ın cəzası isə dəhşətliydi. Bu cəza onu adamlıqdan çıxaracaq, bir zombiyə çevirəcəkdi.

Xatirələrin hamısı daşa dönəcək, arzuların hamısı öləziyəcək, içindəki insanlıq iksiri daş tozlarına qarışıb tərlə yuyulacaqdı.

Küləyi dişləyənin dişləri töküləcəkdi…”

Əsərdə sevişərkən belə, avtomatı belindən çıxarmayan əsgər müharibəyə tragikomik münasibətin göstərgəsi kimi çıxır ortaya. Hə, əziz, Mirmehdi, bizim gənclik illərimizin qəhrəmanı, Əhməd Qaya necə oxuyurdu?

- Bıçakları ne edeyim?
Gökkuşağı gönder bana.
Senin olsun süngülerin,
Gül dikeni yeter bana.

Kitab barədə çox danışıb vaxtınızı almaq istəmirəm, sadəcə sizdən xahişim odur ki, kitabı alasınız və oxuyasınız Mirmehdinin ən azı buna haqqı var!