Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, bu çərşənbəni “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Qeyd edək ki, Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi 17 mart olacaq.
Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45-də daxil olacaq.
Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.
Son xəbərlər
Son Xəbərlər