Bu həftəsonu Bakı daha da gözəlləşdi... - Video

bu-heftesonu-baki-daha-da-gozellesdi
Oxunma sayı: 4418

Xəbər verdiyimiz kimi, ötən həftədən başlayaraq həftəsonları Bakının bəzi küçələrinə avtomobillərin girişi məhdudlaşdırılıb. Bununla yanaşı, metronun “28 May” stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısındakı ərazinin – Cəfər Cabbarlı heykəlinin ətrafının da avtomobilsizləşdirilməsi baş verdi.

“Qafqazinfo” xəbər verir ki, tətbiq edilən yeniliklərlə bağlı müşahidələr əhalinin böyük hissəsinin bu qərarlardan məmnun olduğunu göstərir. Xüsusilə ictimai nəqliyyat istifadəçiləri, həftəsonu ailə üzvləri ilə paytaxtın mərkəzində gəzintiyə çıxan şəxslər avtomobilsizləşmə ilə bağlı yenilikləri dəstəkləyir.

Uzun illərdir paytaxt əhalisinin və qonaqların sevimli məkanı olan, Bakının ürəyi hesab edilən “Tarqovı”ya (Nizami, Əhməd Cavad, M.Ə.Rəsulzadə, N.Rəfibbəyli, Rəsul Rza, Xəqani küçələrinin bir hissəsi) yeni ərazilərin qoşulmasının bir çox iqtisadi, sosial, psixoloji və ekoloji üstünlükləri var.

Mütəxəssislər hesab edir ki, şəhər mərkəzinin avtomobilsizləşdirilməsi sosial-ictimai münasibətlərin inkişafı və sağlamlaşması baxımından da əhəmiyyətlidir.

Avtomobillərin sürətlə şütüdüyü, səsdən qulağın batdığı, siqnal səsinin sinir sistemini zədələdiyi bir mühit, yoxsa asüdə şəkildə piyada hərəkət etdiyimiz, avtomobil siqnallarının səs-səsə vermədiyi, ətrafı sosial obyektlərlə dolu, insanla qaynayan bir məkan?

Araşdırmalar göstərir ki, Bakı şəhəri avtomobilsizləşmə ilə bağlı addımlarda hələ çox gecikib. Bəzi qonşu ölkələrdə, eləcə də Avropada şəhər düşüncəsi və idarəetməsi artıq bunu çoxdan qəbul edib və tətbiq edir.

Mərkəzdəki dar küçələrin avtomobillərin işğalından azad edilməsinin faydaları barədə bir qədər ətraflı:

• Biznesin inkişafı. Bakının mərkəzi küçəsinin avtomobilsizləşdirilməsi biznesin inkişafına daha çox töhfə verəcək. Bu yanaşma artıq bir çox dünya dövlətlərində tətbiq olunur. Tək mərkəzdə yox, kənarlarda da bəzi küçələrin piyadalaşması, yəni sırf piyadaların hərəkəti üçün təşkil edilməsi həmin ərazidə yeni bir cazibəli mərkəzin yaranmasına və biznesin inkişafına töhfə verəcək.

• Turizm. Avtomobilsizləşmə turizmin inkiafında böyük rol oynayır və oynayacaq. Hazırda Bakıya gələn bütün turistlər “Tarqovı”ya axışır. Bu ərazidə avtomobilsiz küçələrin artması ilə “Tarqovı” anlayışının məkanı da genişlənir və şəhərin mərkəzində sosial infrastrukturun inkişafı, əlavə iş yerlərinin açılması, alış-verişin daha da artmasına zəmin yaranır.

 Səs kirliliyinin azalması. Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının daralmasına, qanın əzələlərə, beynə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur. Mütəxəssislər bildirir ki, əlverişsiz akustik şəraitdə yaşayan şəxslərdə mərkəzi əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri görünür. Böyük şəhərlərdə insanların daha az yaşamasının səbəbi də məhz bu faktorla bağlıdır.

• Hava çirkliliyinin azalması. Kəskin avtomobilləşmiş şəhərlərin böyük problemi olan hava kirliliyi atmosferin təbii tərkibini dəyişməsi ilə başlayır. Atmosfer, təbii mexanizmlə özünə qarışan zərərli maddələri zərərsiz hala gətirə bilmə xüsusiyyətinə sahib olsa, bu maddələrin miqdarı artdığı zaman atmosfer onları təmizləyə bilmir və bu da hava kirliliyinə səbəb olur. Hava kirliliyi böyük şəhərlərdə əhali sayının və avtomobillərin çox olmasından qaynaqlanır və özü ilə bərabər müxtəlif xəstəliklərin inkişafına şərait yaradır.

• Şəhər mədəniyyəti və sosial münasibətlərin inkişafı. Avtomobilsizləşmə sosial münasibətlərin inkişafı baxımından çox vacibdir. İnsanların şəxsi maşınlarından düşüb piyada hərəkət etməsi onların bir-biri ilə rastlaşmasına, birgə vaxt keçirməsinə, sosial-mədəni tədbirlərə həvəsinin artmasına və ictimai münasibətlərin sağlamlaşmasına böyük töhfə vermiş olur.

Mütəxəssislər bildirir ki, hazırda Bakının böyük bir hissəsini piyadayönümlü şəhərə çevirmək lazımdır. İlkin vaxtlar bu mümkünsüz görünsə də, infrastrukturun bunu tam reallaşdırmağa çətinliklər yaradacağı proqnozlaşdırılsa da, prosesi başlatmaq və tədricən həyata keçirmək olar. Hazırda Dənizkənarı Milli Parkdan Fəvvarələr Meydanınadək, eləcə də, Bayıl qəsəbəsindən Ağ şəhərədək geniş bir ərazidə piyada və velosipedlə hərəkət etmək mümkündür. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin dəstəklənməsi ilə bu işə daha da təkan vermək mümkündür.

Qeyd edək ki, 17 mart tarixindən başlayaraq Bakının bəzi küçələri bazar günlərində avtomobillərin girişi üçün bağlanıb.

Bazar günləri avtomobillərin girişinə bağlanacaq küçələrin siyahısı:

• Tərlan Əliyarbəyov küçəsi (Tam)

• Zərifə Əliyeva küçəsinin bir hissəsi (Rəsul Rza Küçəsindən Məmməd Əmin Rəsulzadə küçəsinədək olan hissə)

• Əbdülkərim Əlizadə küçəsi (Tam)

• Hacı Zeynalabdin Tağıyev küçəsi (Tam)

• Polşa memarları küçəsi (Tam)

• Yusif Məmmədəliyev küçəsi (Tam)

Daha əvvəl isə Xəqani bağının ətrafındakı küçələrdə (Rəsul Rza, Xəqani və Qoqol küçələrinin bir hissəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. “28 May” metrosunun qarşısındakı əraziyə isə yalnız avtobusların daxil olmasına icazə verilir.