Qubada bir gündə 170 sürücü cəzalandırıldı - Video

qubada-bir-gunde-170-surucu-cezalandirildi
Oxunma sayı: 665

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Quba RPŞ-nin DYP bölməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçirib. Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 4 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 4 sürücü də müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.

Bndan başqa avtomobilin konstruksiyasında dəyişiklik edən 10 və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü də müəyyən olunaraq saxlanılıb. Ümumilikdə isə reyd zamanı 170 sürücü barəsində inzibati protokol tərtib edilib.

Qeyd edək ki, ilin əvvəlindən Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən avtomobili sərxoş vəziyyətdə və narkotiklərin təsiri altında idarə edən 64, avtoxuliqanlıq və sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşən 114 sürücü aşkar olunub.