Bu məsuliyyətsizliyi kimin adına yazaq?

bu-mesuliyyetsizliyi-kimin-adina-yazaq
Oxunma sayı: 5431

Martın 15-dən əsaslı təmir işlərinin aparıldığı 8 Noyabr prospektində təhlükəsizlik tədbirlərinin görülməməsi, bir sıra dövlət qurumlarının təmir-bərpa işlərinə məsuliyyətsiz yanaşması ərazidə avtomobil qəzalarına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, nəqliyyatın sürətli hərəkət etdiyi və geniş zolaqlara malik prospespektdə təhlükəsizliyin tam təmin edilməməsi səbəbindən sürücülər və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranıb. Hadisə yerindən fotoqrafımızın çəkdiyi fotolardan aydın olur ki, uzaqdan görünə bilən işıqlandırıcı nişanlardan istifadə edilməyib. Sürücülər isə yalnız həmin yerə çatanda yolun qazıldığının fərqinə varırlar ki, bu da xoşagəlməz hadisələrə səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli saytımıza bildirildi ki, 8 Noyabr prospektində eyni zamanda bir neçə dövlət qurumu təmir-bərpa işləri görür və məsuliyyət də onların arasında bölünür:

“15 mart tarixindən etibarən 8 Noyabr prospektində əsaslı təmir işlərinə start verilib. Burada həm AAYDA, həm də kommunikasiya xətlərinin çəkilməsi ilə məşğul olan digər qurumlar tərəfindən işlər aparılır. Belə ki, onlara da öncədən məlumat verilir ki, kommunikasiya xətlərinin yenilənməsi, dəyişdirilməsi və sair kimi işləri varsa təmir müddətində həyata keçirə bilərlər. Artıq təmir başa çatandan sonra buna ehtiyac qalmasın. Oradada hazırda bir neçə qurum eyni vaxtda kommunikasiya xətlərinin çəkilməsi ilə məşğul olur. Hər bir qurum da təmir işlərini apardığı ərazidə təhlükəsizliyin təmin edilməsinə cavabdehdir. AAYDA tərəfindən təmir işləri aparılan ərazidə tam olaraq təhlükəsizlik tədbirləri görülüb. Öncədən müvafiq yol nişanları, işıqqaytaran nişanlar, gecə saatlarında sayrışan işarələrin ərazidə yerləşdirilməsi təmin edilib, bununla bağlı hər hansı problem yoxdur. Çox güman ki, bu yol qəzası da digər kommunikasiya xətlərini çəkən qurumun ərazisində baş verib. Buna görə də həmin qurum cavabdehdir. Biz agentlik olaraq sürücülərdən bir daha xahiş edirik ki, onlar 8 Noyabr prospektində hərəkətdə olarkən mütləq diqqətli və ehtiyatlı olsunlar, müvəqqəti yerləşdirilmiş işarələrin tələblərinə riayət etsinlər”.

Mövzu ilə bağlı apardığımız kiçik araşdırma zamanı ərazidə qazıntı aparan və təhlükəsizliyi təmin etməyən qurumun “Azəriqaz” İstehsalat Birliyi olması məlum olub. Qurum əməkdaşları tərəfindən qaz xəttinin çəkilməsi zamanı ərazidə qazılmış yerin 1-2 metrliyində yalnız siqaret çəkməməyə, sürətin azaldılmasına və yolun daralmasına dair kiçik nişanlar qoyulub ki, bu da standartlara cavab verməməklə yanaşı baş verə biləcək hadisələrin qarşısını almaqda demək olar ki, heç bir funksiyaya malik deyil. Bu gün səhər saatlarında ərazidə apardığımız müşahidə zamanı isə qazılmış hissələrin doldurularaq üstünün örtülməsi məlum oldu.

"Azəriqaz" İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sorğumuza cavab olaraq bildirdi ki, 8 Noyabr prospektində aparılan işlər zamanı təhlükəsizlik tam təmin edilib: "Azəriqaz" İB sözügedən ərazidə işlərini müavfiq qaydalara əsasən icra edir. Baş verə biləcək hansısa qəzanın nəticələrinin aradan qaldırılması zamanı qaydalar onu deyir ki, ictimai nəqliyyatın, avtomobillərin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq nişanlardan istifadə olunsun. Biz də bu qaydalara əsaslanaraq axşam saatlarda apardığımız işlərdə belə həmin nişanlardan, hətta uzaq məsafədən görünən istifadə edirik. Ərazidəki yol qəzası isə avtomobilin sürücüsünün maşını sürətlə idarə etməsi səbəbindən baş verib. İlkin nəticələr bunu deyir. Yəqin ki, istintaqın gələcəyi qənaətdə ümumi vəziyyət ortaya çıxacaq".