“Bu qartopu kimi böyüyən prosesə çevriləcək” – Müsahibə

bu-qartopu-kimi-boyuyen-prosese-cevrilecek-musahibe
Oxunma sayı: 685




“El” Hərəkatının sədri Eldar Namazovla Milli Şura ətrafında qaranlıq qalan məsələləri aydınlaşdırmağa çalışdıq. “Qafqazinfo” Eldar Namazovla müsahibəni təqdim edir:



- Milli Şura ideyası ətrafında bir neçə vaxtdır ki, müzakirələr gedir. Amma gedən danışıqlar barədə ictimaiyyət ətraflı məlumatlandırılmır. Səbəb nədir?
- Demokratik qüvvələrin Milli Şurasının yaradılması ilə bağlı prosesdə iştirak edən insanlar daha çox iş görməyə çalışırlar, nəinki mətbuata açıqlamalar verməyə. Bu da onunla bağlıdır ki, biz çox həssas mərhələyə çatmışıq. Artıq həlledici qərarları verməyin zamanıdır. Ona görə də bunları mətbuatdan gizlətmək məqsədilə etmirik, daha çox prosesi tam başa çatdırıb ictimaiyyətə informasiya vermək istəyirik. Milli Şura ilə bağlı son zamanlar şayələr yayıldı. Bu da təbiidir, çünki informasiya qıtlığı olanda şərhçilər çalışırlar ki, bu boşluğu nəyləsə doldursunlar. Ona görə də Milli Şura ilə bağlı açıq olan məsələlərə aydınlıq gətirmək üçün bu söhbətə gərək var idi.

- Milli Şuranı ideoloji şərtləri və çərçivələri məlum olmayan qurum adlandırırlar. Siz necə düşünürsünüz?
- Sözsüz ki, heç bir ciddi insan ya qüvvə məqsəd və məramı bəlli olmayan quruma gəlib orada iştirak etməz. Milli Şura yarananda onun ilk növbədə məqsədi, məramı bəlli olacaq və onun sənədinə strateji imza atan insanlar, onun hədəflərini bölüşənlər yalnız Milli Şurada iştirak edəcəklər. Biz məqsəd qoymuşduq ki, Milli Şura 50-51 nəfərdən ibarət olsun. Nəzərə alaq ki, Azərbaycan cəmiyyətində vacib olan mühüm təbəqələr var və onlar Şurada təmsil olunmalıdırlar.

- Elə söz düşmüşkən, Eldar bəy, Milli Şuranın tərkibinin əsasən görkəmli şəxslərdən, ziyalılardan ibarət olacağı bildirilir. Siz bu görkəmli şəxsləri hansı kriteriyalara uyğun olaraq müəyyənləşdirirsiniz?
- İnsan haqları ilə məşğul olan hüquq müdafiəçilərindən, vəkillərdən, ziyalılardan, Azərbaycan mətbuatının tanınmış media isimlərindən, siyasi partiyalar, fəal gənclər birliklərindən də ibarət Milli Şura yaratmaq olardı. Hər vacib təbəqədən insanlar orada iştirak edə bilər. Yoxsa Milli Şuranın tərkibi gərək 300-400 nəfər olsun ki, həmin o təbəqədən olan insanların hamısını cəlb etmək mümkün olsun. Bunları ona görə vurğulayıram, mətbutada bəzən informasiyalar gedir ki, İctimai Palata fəaliyyətinə xitam verməlidir, ona görə ki Milli Şura yaranır. Bu tamamilə yanlış yanaşmadır. Ya da ki Ziyalılar Forumunun burada təmsil olunması məsələsi. Birincisi, kollektiv üzvlük məsələsi Milli Şurada yoxdur. Belə məsələlər “El” Hərəkatı yarananda da meydana gəlmişdi ki, artıq Ziyalılar Forumuna ehtiyac yoxdur. Milli Şuranın məqsədi müxtəlif təbəqələrin, siyasi partiyaların, ziyalıların, vətəndaş cəmiyyətlərinin, dini kəsimin, milli azlıqların hamısının orda təmsil olunmasıdır. Milli Şura Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi qarşısına məqsəd qoyan bir qurum olacaq.

- Qeyd edirsiniz ki, ziyalılar kontingenti də bu qurumda iştirak edəcək. Cəmiyyətdə kifayət qədər tanınan, eyni zamanda Ziyalılar Forumunun üzvü olan Cəmil Həsənli, Rafiq Əliyev kimi ziyalılar bu qurumda iştirak etməkdən imtina edib...
- Ziyalılar Forumunun Koordinasiya Şurası var və orada 20-yə yaxın tanınmış adamlar iştirak edirlər. Onların bir sıra üzvləri “El” in yaranmasında, bir sıra üzvləri isə Milli Şuranın yaranmasında iştirak edəcəklər. Siz dediyiniz kriteriyaları tapmaq çox çətindir. Bizim məqsədimiz artıq cəmiyyətdə rol oynayan, tanınan şəxsləri Milli Şuraya gətirmək deyil. Hər təşkilatın cəmiyyətdə öz rolu var. Ola bilsin ki, Rafiq, Cəmil müəllim kimi adamların cəmiyyətdə rolu və proseslərə təsiri məhz Ziyalılar Forumu formatında daha önəmlidir, nəinki hansısa siyasi qurumda. Axı əsas məqsəd qurum yaratmaq deyil. Qurum heç vaxt məqsəd ola bilməz, vasitə ola bilər. Məsələn, İctimai Palata, Ziyalılar Forumu, “El “ Hərəkatı, Milli Şura kimi qurumlar var. Mən əminəm ki , demokratiyaya keçid mərhələsində bu qurumlar hamısı özünəməxsus rol oynayacaq.

- Proseslər istədiyiniz kimi getsə, may ayının 28-də Milli Şuranın elan olunacağını bildirmisiniz. 15 gün qalıb. Həmin o 50-51 nəfərlik Şuranın tam tərkibi artıq müəyyənləşibmi?
- Proses gedir. Ola bilsin ki, həmin tərkib 50-dən çox olsun, amma az olmayacaq. Qısaca, son 20 ildə Azərbaycanda yaranan birliklərlə bağlı mənzərəni xatırlayaq. Azərbaycanda demək olar ki, böyük birliklər yaranmayıb. Yaradılanlar da dağılıb və adətən bunlar seçkidən əvvəlki dövrlərdə olub. Böyük koalisiyalar parlament seçkiləri ilə bağlı yaranıb. Adətən prezident seçkiləri ilə bağlı demokratik düşərgədə birləşmək yox, parçalanmaq meyilləri daha güclü olub. 1998-ci ildə hamı seçkiləri boykot etdi, bir Etibar Məmmədov seçkilərə qatıldı. 2003- cü ildə əvvəl 12, sonra 8, 6, daha sonra isə 4 nəfərdən ibarət Koordinasiya Şurası yaradılmışdı. O 4 nəfər də London görüşündə yarıbayarı parçalandılar. 2008-ci ildə razılıq əldə olunmadı və seçkilərə baykot elan olundu. Amma indi prosesin əksi görünür. Yəni prezident seçkiləri ərəfəsində cəmiyyətin müxtəlif təbəqələrini birləşdirməyə cəhd edilir. Artıq ümid var ki, prosesi yekunlaşdırmaq mümkün olacaq.

- Niyə belə bir fikir var ki, Milli Şuranın tərkibi “El” Hərəkatı və İctimai Palatadan ibarət olacaq?
- Bu yanlış bir təsəvvürdür. Bu da onunla bağlı oldu ki, danışıqlara cəlb olunan, müzakilərdə iştirak edən insanlar eyni dərəcədə mətbuatın gözündə deyillər. Məsələn, biz bu quruma daxil olmayan bir neçə şəxslərlə 5-6 dəfə görüşlər keçirmişik. Ancaq onların əlində “Yeni Müsavat”, “Azadlıq “ kimi mətbuat orqanları yoxdur və bu görüşlərdən ictimaiyyətin də xəbəri yoxdur. Həmin o qurumların əlində mətbuat olduğu üçün iştirakları daha qabarıq görür. Bu o demək deyil ki, başqa ictimai-siyasi qurumlarla bağlı danışıqlar aparılmır. Şəxsən özümün Milli Şura ilə bağlı keçirdiyim görüşlər 50-yə yaxınlaşır. Vacib məqam odur ki, hər bir qurum yarananda birinci onun işçi, ya da təşəbbüs qrupu yaradılır. Onlar da texniki işləri görür. Əsas qurumun yaradılması ilə bağlı isə təsisçilər yığışırlar. Təsisçilər yığışıb qərar verirlər, nələrisə dəyişirlər. Kimlər iştirak edirsə, onlar qurumun təsisçisi hesab olunur. Gedən proses daha çox təşəbbüs qrupunun adı ilə bağlıdır. Görüşlərin bir qismi yarım saatdan sonra artıq mətbuatda yayımlanırdı. Bir araya gəlib onun bütün sənədlərini razılaşdıran, bir yerdə imza atıb qərar verənlər Milli Şuranın təsisçiləri olacaqlar. Acaq hazırlıq işlərində prosesə qatılanlar, səylərini göstərən insanlar da heç kimin əvəzinə bu qurumu elan edib qərar qəbul edə bilməzlər. Onlar sadəcə olaraq çox lazımi vacib işləri görürlər.

- Mətbuata bəlli olmayan hansı şəxslərlə görüşmüsünüz?
- Onlar Milli Şura ilə bağlı qərar verib təsisçi kimi çıxış edəndə, imza atanda bəlli olacaqlar. Çoxu iştirakla bağlı qərarlarını verib, qalanları ilə də müzakirələr davam edir. Bəri başdan deyim ki, Milli Şuranın tərkibi biz düşündüyümüz rəqəmdən də böyük olacaq.

- REAL Hərəkatını niyə danışıqlara cəlb etmirsiz?
- REAL nümayəndələri mətbuata açıqlamalarında bildirdilər ki, bizim bir neçə dəfə Eldar Namazovla, Əli Kərimli ilə də görüşümüz olub. Bu artıq onun göstəricisidir ki, onlar proseslərdən kənarda olmayıblar. İkincisi isə, onlar deyirlər ki, biz REAL olaraq bir nəfərin qərarı ilə idarə olunmuruq, bizdə qərarların qəbul olunmasında kollegial qurum mövcuddur. Məndə olan məlumata görə, REAL-ın lideri İlqar Məmmədov bəyan edib ki, hərəkat Milli Şurada iştirak etməlidir. Yəqin onlar buna işarə edib deyirlər ki, liderimiz razı olsa da, biz kollegial olaraq başqa qərar qəbul edirik. Bu günə olan məlumata görə, müzakirələr hələ davam edəcək. Onları narahat edən platforma, ideoloji məsələlər, məramlar bizim də narahatçılığımızdır. Bunlar bizim də qarşımızda duran məqsədlərdir. Sənədlərdə müəyyən anlaşılmazlıqlar olsa, nəinki REAL, heç Eldar Namazov da hansısa quruma daxil ola bilməz. Belə məqamlarda onlara deyirik ki, layihələri özünüz hazırlayın, təqdim edin, narahatçılığa əsas olmasın.

- REAL-ın Məclis sədri Erkin Qədirli də son açıqlamasında Milli Şurada iştirak etməyəcəklərini bəyan edib.
- Şəxsən mənim gəldiyim qənaət budur ki, REAL yeni qurum olduğuna görə burada quruculuq işləri gedir. Onlar öz bəyanatlarında bildirirlər ki, bizim üçün önəmlidir ki, öz təşkilatımızın quruculuq işlərini başa çatdıraq. Bu mənada da seçki kampaniyasını başlatmaq, həm öz təşkilatlarını tanıtmaq, piar aparmağı önəmli sayırlar. Xüsusilə də qeyd edirlər ki, Milıli Şura yaransa və onun vahid namizədi olub seçkilərə qatılsa, REAL hərəkatı o prosesə də dəstək verəcək. Hətta onlar Milli Şurada təmsil olunmaqla bağlı son qərarlarını versələr də, hər bir qərarlarına mən hörmətlə yanaşacam. Azərbaycan xalqının seçmək və seçilmək hüququ əlindən alınıb. Azərbaycan hökumətinin mənbəyi xalq deyil. Məmurlar özləri hakimiyyəti mənimsəyiblər. Bizim ümumiyyətlə seçkilərdə vahid namizədlə birlik şəklində iştirak etmək üçün məqsədimiz ondan ibarətdir ki, ideoloji xətləri geniş götürək. Bütün fərqli qüvvələr bir araya gəlib demokratiyaya keçidi təmin etməlidirlər ki, xalq sonradan seçim etsin. Hakimiyyət ideoloji xətlərdə fərq qoymur. Deyir ki, sən müxalifətsən, mən səni əzəcəm. İkinci mərhələdə isə xalq özü hansı ideoloji xəttə üstünlük verəciyini müəyyənləşdirəcək.

- Rəsul Quliyevlə necə, o Milli Şuraya dəstək olacağını bildirsə də, bir sıra qaranlıq məqamların olduğunu deyir və onun tərkibinə qatılmayacağını bildirib.
- Mən Rəsul Quliyevə hörmətlə yanaşıram. Baxmayaraq ki , o mətbuata açıqlamalarında mənlə, “EL” hərəkatı ilə bağlı neqativ fikirlər söyləyib. Ancaq mən heç vaxt emosional olmamışam, daha səbrli olmuşam. Mövqelərə yox, işlərə qiymət vermişəm. Biz ACP-nin də bu proselərdə olmasını istəyirik. Kifayət qədər ciddi söhbətlərimiz mətbuatda da işıqlandırılmır. Mən bir yeni məqam açıqlayım sizə. Proses yenicə başlayanda mən ACP sədri Sülhəddin Əkbərlə görüşdüm. Və proseslərlə bağlı kifayət qədər ətraflı söhbət etdik. Nəinki Şuranın əsas məqamları barədə, eyni zamanda onun yaranmasının texnologiyası, hansı məqamlarla qurmaq ətrafında söhbətlərimiz oldu. Sülhəddin bəy mənə dedi ki, biz partiyanın içində bunları müzakirə edib öz konkret təkliflərimizlə 3-4 günə bir də görüşərik. Hətta yazılı sürətdə də təkliflərini hazırlayıb göndərəcəklərini deyiblər. Həmin söhbətin üstündən ay yarım vaxt keçib. Nə konkret təkliflər, nə də cavab olaraq addımlar olmadı. Mənim əlimdə fakt yoxdur ki, mən onun hansısa bir izahını verim. Bəlkə orada başqa məqsədlər var idi. Bəlkə pərdəarxasında hansısa bir rol oynamaq arzuları olub. Fakt ondan ibarətdir ki, belə bir görüş olub. Amma prosesin niyə belə aparıldığı haqda ittihamlar var. Amma ay yarım öncə görüşüb konkret təklifləri alacağımız məsələ bizdən asılı olmayaraq havadan asılı vəziyyətdə qalıb.

- Milli Şuranın yaradılmasnda əsas danışıqlar aparan “El” Hərəkatı, Müsavat Partiyası, AXCP-dir. Müsavat başqanı ziyalılarla görüşündə partiyasının prezident seçkilərində iştirakı ilə bağlı məsələyə toxunub. Milli Şura ətrafında fikir bölüşmələri aparmayıb. Bu gözlənilən durumdurmu?
- Demokratik düşərgədə bu məsələlərlə bağlı iki baxış var. Bəziləri deyir ki, seçkidə iştirak edən qüvvələr öz namizədini müəyyənləşdirsinlər, seçki qərargahlarını yaratsınlar, öz tərəfdarlarını mobilizə etsinlər. Eyni zamanda başqa qüvvələrlə də danışıqlar aparsınlar ki, bir araya gəlib vahid namizədlə seçkiyə gedək. Başqa yanaşma odur ki, əvvəlcə birliyi, vahid namizədi müəyyənləşdirmək lazımdır, ondan sonra seçki kampaniyasına başlayıb cəmiyyəti mobilizə etmək lazımdır. Əslinə qalsa, Milli Şura bu iki yanaşmanı birləşdirən qurumdur. Hər iki yanaşma son nöqtədə birləşməyi tələb edir. Hər iki baxışa hörmətlə yanaşmaq lazımdır. Bu yanlış və doğru arasında seçim deyil, daha çox qurumların arasında durumu əks etdirir. Artıq namizədini elan edənlər də, etməyənlər də birləşməyin tərəfdarıdır.

- Eldar bəy, seçkilərə 5 ay müddət qalıb. Siz dediyiniz kimi, hamı son nöqtədə birlik istəyir. Amma bu məsələdə nə dərəcədə səmimidirlər? Belə görünmürmü ki, sanki müxalifət daxilində müvəqqəti sabitlik hökm sürür və hər an sükut pozula bilər?
- 20 illik təcrübədə indi hələ birləşməyə doğru meyil var. Milli Şura özü prosesə çevriləcək. Elə qurumlar var ki , onların nə birinci, nə ikinci mərhələdə Milli Şuraya daxil olması şərt deyil. Amma hamı eyni prosesə dəstək verir. Məqsəd demokratiyaya keçidi bərpa etməkdir. Həlledici məqamda eyni fikri İP, Ziyaılar Forumu, Milli Şura da qoysa, biz istəyimizə nail olacağıq. Buna kifayət qədər mürəkkəb bir proses kimi baxmaq lazımdır. Əlimizdən gələni edirik ki, son qalan müddətdə bunlara nail olaq. Amma əsas çətinliklər qarşıdadır. Biz əgər çətinliklərdən geri dönsək, o zaman xalqı bu çətin durumdan çıxartmağa nail ola bilmərik.

- Bir seçkidə qalib gəlmək üçün siyasi çıxışlarla yanaşı, texnologiyanın da, maliyyə imkanlarının yaxşı olması vacibdir. İqtidarla müqayisədə sizin bu imkanlarınız yetərincədirmi?
- Əgər demokratik qüvvələrin hamısı bir araya gəlib proseslərdə iştirak etsələr, bu qartopu kimi böyüyən prosesə çevriləcək. Bu da özünə müəyyən qüvvələri cəlb edəcək ki, kimlərsə quruma daxil olsun, kimlərsə dəstəkləsin. Təbii ki, biz buna nail olsaq, heç bir avtoritar, korrupsiyalaşmış rejim cəmiyyətin iradəsi qarşısında heç nə edə bilməyəcək.

Günel Türksoy