“Bu şişirdiləsi bir şey deyil” – Müsahibə

bu-sisirdilesi-bir-sey-deyil-musahibe
Oxunma sayı: 629

Dünən “İnter”lə keçirdiyiniz oyunla bağlı nə deyə bilərsən?
- Bizim üçün çox ağır oyun oldu, çünki “İnter”kimi güclü rəqiblə oynamaq heç də asan deyil. Nəzərə alsaq ki, rəqibimiz hazırda turnir cədvəlində II yerdə qərarlaşıb, vəziyyətin nə qədər çətin olduğunu başa düşmək olar. Doğrudur, çox istədik ki, bi oyunda qələbə qazanaq. Ancaq futbol məhz elə bu cür oyundur ki, çox vaxt istədiyini yox, mümkün olanı götürürsən. Çox şükür ki, oyundan 1 xalla ayrıldıq və xallarımızın üzərinə daha 1 xal əlavə edə bildik. Qalib gələ də bilərdik ancaq qol şanslarından istifadə edə bilmədik. İnşallah gələn oyunlarda əlimizə düşən bütün şanslardan maksimum dərəcədə istifadə etməyə çalışacağıq.

Bu bərabərlik lider “Neftçi” ilə aranızdakı xal fərqinin daha da böyüməsinə səbəb oldu. Gələcək oyunlarda yaranan bu xal fərqini aradan qaldırmaq sizin üçün çətin olmayacaq ki?
- Mən deməzdim ki, “Neftçi”ilə aramızda o qədər də ciddi xal fərqi var. Cəmi 5 xal bizi bir-birimizdən ayırır ki, bunu da aradan qaldırmaq o qədər də əlçatmaz bir şey deyil. “Neftçi” ilə qarşıda bizi hələ iki önəmli oyun gözləyir. İnşallah bu oyunlarda qalib gəlib liderə çatmağa çalışacağıq. Nəinki “Neftçi” ilə lap “İnter”,”Qəbələ” “Simurq” “Bakı”ilə keçirəcəyimiz bütün oyunlarda qələbə qazanmaq istəyirik. İndidən kimin çempion olacağını, kimin Avro Liqaya ,kimin Çempionlar Liqasına gedəcəyini demək olmaz. Qarşımızda hələ uzun yol var.

Dünən meydanda baş verən insidentlə bağlı nə düşünürsən?
- Mən əslində hamıdan qabaq paltar dəyişmə otağına getdim, ona görə də baş verənləri təfsilatı ilə izləmək şansım olmadı. Ancaq bu üzərində durulası, şişirdiləsi bir şey deyil. Futbolda bu cür gərginliklərə tez-tez rast gəlmək olar. Bu məsələnin lazımından çox böyüdülməsinə səbəb stadiona çoxlu insanın toplaşması oldu. Onsuzda elə bir ciddi bir şey baş verməmişdi.

Necə fikirləşirsən, bu il “Qarabağ” üçün çempionluq, yoxsa kubok daha vacibdir?
- Ümumilikdə götürsək,”Qarabağ” üçün həm çempion olmaq, həm də kuboku qazanmaq önəmlidir. Hər ikisi də klub üçün, azarkeşlər üçün uğurdur. Ancaq mənə elə gəlir ki, ən vacib heç şübhəsiz ki “Qarabağ”ın çempion olmasıdır. “Qarabağ”la çempion olmaq mənim ən böyük arzumdur . Ancaq kubokda da işlərimiz yaxşı gedir, şanslarımız olduqca yüksəkdir.

“Qarabağ”ın prinsipial rəqiblərindən olan “Xəzər Lənkəran”ın ilk 6-ğa vəsiqə qazana bilməməsini necə qiymətləndirirsən?
- Bizim üçün bütün klublar prinsipial rəqiblərdir. “Azal” da 6-ğa vəsiqə qazansaydı, onları da prinsipial rəqib sayacaqdım. “Xəzər Lənkəran”da vəsiqə qazana bilərdi ancaq bu onlarda alınmadı. Onu deyə bilərəm ki, ilk 6-ğa elə mənim istədiyim, arzuladığım klub qaldı. “Bakı” əgər vəsiqə qazana bilməsəydi bir qədər məyus olacaqdım. Çünki “Bakı” çempionatımıza əlavə rəng qatır. Azərbaycan futbolunun inkişafı üçün çox böyük işlər görürlər. Hazırda “Bakı”nın futbol üçün yaratdığı infrastruktur ancaq xoş sözlərə layiqdir. Bütün bu sadaladığım amillərə görə elə istəyirdim ki, “Bakı” 6-ğa qalsın yaxşı ki, elə bu cür də oldu.

İqbal