Bu tualet Bakıda yaşayış binasının yanındadır- - Fotolar

bu-tualet-bakida-yasayis-binasinin-yanindadir-
Oxunma sayı: 2881


Xətai rayonunun General Şıxlinski küçəsi 49 saylı binanın sakini Akif Əhmədov yaşadığı ərazidə çoxlu problemlərin olduğunu və Mənzil İstismar Sahələrinin üzərlərinə düşən vəzifələri yerinə yetirməmələrindən narazıdır. 

“Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, Xətai rayonunda abadlıq işləri, əsasən, dövlət rəsmilərinin hərəkət edə biləcəyi yolların ətrafında olur,  daxili məhəllələr isə tamamən unudulub:

“Məişət tullantılarının toplanması, qablaşdırılması və daşınması ilə bağlı nümunəvi qaydalar olsa da, mənzil kommunal təsərrüfatı xidməti bu məsələləri,  sadəcə, yola verməklə məşğuldurlar. 

Burada yaşadığımız  müddətdə  məişət tullantıları toplanan yer 5-6 dəfə  dəyişdirilib. Çünki həmin  yeri  kimlərəsə verirlər və  zibil qablarını get-gedə  yaşayış binalarına lap yaxınlaşdırırlar.

Zibilləri neçə gəldi  daşıyırlar. Zibillər maşına boşaldılanda  kənara düşən  tullantılar elə yerindəcə qalır, maye tullantılar  yerlə axır.

Dəfələrlə aidiyyəti idarələrə iradlarımızı bildirsək də,  yenə zibilləri yandırırlar.

Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi, əraziyə baxan 96 saylı MİS-ə edilən müraciətlərə ya baxmır, ya da heç bir tədbir görmür.

Susuzluq və diqqətsizlikdən ağaclar, yaşıllıqlar  quruyub sıradan çıxır. Hələ bu 10 ildə 1 dəfə görməmişik ki,  bu ağaclara, yaşıllığa hansı idarəsə, kimsə su versin, qulluq göstərsin. 

Deyirlər ki, binaların ətrafındakı ağac və  yaşıllıqların suvarılması nəzərdə tutulmayıb və dövlət buna vəsait ayırmır,  sakinlər bunu  öz təşəbbüsü ilə  edirlərsə, sayğac qoydurub suvara bilərlər”.