Budapeştdə Müstəqillik Günü və Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir - Fotolar

budapestde-musteqillik-gunu-ve-heyder-eliyevin-100-illiyine-hesr-edilmis-tedbir
Oxunma sayı: 1530

Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən Azərbaycanın Müstəqillik Günü və ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Budapeşt şəhərinin görkəmli binalarından sayılan Ybl villada tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Macarıstan Milli Assambleyası, digər dövlət qurumlarının və Macarıstana akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının üzvləri iştirak edib.

Səfir Tahir Tağızadə çıxış edərək Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin rəhbərliyi ilə uzaqgörən siyasət sayəsində böhrandan və həmin dövrdəki siyasi, təhlükəsizlik və iqtisadi çağırışlardan daha güclü çıxdığını vurğulayıb. Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda uğurla inkişaf etdiyini bildirən Tahir Tağızadə Azərbaycan Prezidentinin 2023-cü ildə Macarıstana rəsmi səfərinin bu istiqamətdə mühüm addım və gələcək faydalı əməkdaşlıq üçün təməl olduğunu diqqətə çatdırıb.

Tədbirdə Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak (Sandor Lezsak), Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da çıxış ediblər.

Şandor Lejak ölkəmizi Müstəqillik Günü və ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib. O, Azərbaycan və Macarıstan arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Fərqan Novruzov Heydər Əliyev Fondunun ölkə daxilində və xaricində çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Fondun prezidenti, Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bir sıra ölkələrdə həyata keçirilən bərpa layihələrini, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan quruculuq işlərini diqqətə çatdırıb. Fərqan Novruzov Heydər Əliyev Fondunun Ulu Öndərin siyasi irsinin təbliğində böyük rol oynadığını vurğulayıb.

Günay Əfəndiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışıb. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafındakı mühüm xidmətlərindən bəhs edib.

Tədbirdə Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” xalq musiqisi qrupunun üzvləri Azərbaycan musiqisi nümunələrini ifa ediblər. Eyni zamanda, Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin rəhbərlik etdiyi, Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun üzvləri çıxış edib.