“Bunları oyundan sonra düşünəcəyik” - Qurban Qurbanov

bunlari-oyundan-sonra-dusuneceyik
Oxunma sayı: 1933

“Bizim üçün vacib oyundur. Çox bacarıqlı komandaya qarşı oynayacağıq. “Molde” özünəməxsus oyunu olan və çox yaxşı sistemi icra edən komandadır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində bu gün Norveç klubu ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, səfər matçında xarakter göstərməli olduqlarını bildirib: “Hər iki komandaya yaxşı nəticə lazımdır. Bəlkə hava şəraiti bizim üçün tam gözlənilməz oldu. Amma meydança amili, həm də hava şəraitini düşünməliyik. Futbolçularım sabahkı oyunda bu günə kimi etdikləri və göstərdikləri xarakterdən daha artığını etməlidir ki, buradan yaxşı nəticə ilə qayıdaq. Futbolçulara güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

Baş məşqçi qeyd edib ki, qrupdakı sıralamanı nəzərə alsaq, oyunda mümkün heç-heçəni də uğurlu nəticə hesab etmək olar: “Bəli, niyə də yox? Amma futbol elə oyundur ki, minimalhesablı məğlubiyyət son oyunlarda hər şeyi dəyişə bilər. Bunları oyundan sonra düşünəcəyik. Amma oyunda motivasiyamız daha yaxşı nəticə əldə etməkdir. Oyunun gedişatında ümumi nəticəni analiz edəcəyik”.

Q.Qurbanov UEFA-da keçirilən səsvermədə azarkeşlərin 78 faizinin Ağdam klubunun qalib gələcəyini düşünməsi haqda da fikir bildirib: 

“İnandıqlarına görə təşəkkür edirəm. Amma biz bunu düşünərək meydana çıxmayacağıq. Biz sadəcə hər şəraiti, oyunun gedişatını nəzərə alacağıq ki, uğurlu nəticə olsun. İnam varsa, bu, bizə verilən böyük dəyərdir. Çalışacağıq ki, daha yaxşı nəticə əldə edək”.