“Zaman ki, xəyanətkar qadındı...”- Şeirlər

zaman-ki-xeyanetkar-qadindi-seirler-
Oxunma sayı: 905






Dəmir barmaqlıqların
Doğram-doğram doğradığı
Tikanlı məftillərin
Didim-didim diddiyi
Azadlıq tərəfə baxıram
Məhbəsdən.
Əgər orada görünən azadlıq
Doğram doğram olmasaydı,
Didik-didik olmasaydı,
Mənim nə ölümüm vardi
Burada?

***

Hər tərəfi hündür-hündür
Üstünə şüşə qırıntıları
bərkidilmiş
dümağ divarlar...
Bu divarların üstünə qonmağa
cəsarət etməyən göyərçinlər
uçub gedirlər
başımım üstündəki
bir parça göydən.
“Cinayətkar aləmin”
virtual söhbətləri
və uniformalı adamların
real zəhmi.

***

Qara çörəkdən düzəldilmiş
Təsbeh dənələri kimi
ya ötüb keçmiş xatirələrin,
ya məchul gələcəyin,
ya da indicə
“söz-söhbəti” şıxmış birisinin
ətrafına düzülüb
xısın-xısın danışan dustaqların
qara saçları
qara köynəkləri tək
bozarmağa başlayanacan
buradadırlar...

***

Mən elə bir fərq görmürəm:
Həmin yasaqlardı, həmin asilik
Və həmin mütilik.
Gündə üç dəfə yemək
-bir dəfə yatmaq.
Televizordakı səfeh seriallar
“Kriminal” xəbərlərdə
yolu buraya düşəcək
növbəti adamın
bulanıq siması.
Asfaltın üzərində
Həmin selikli tüpürcək topaları
Öz bəsit təyinatından
Qürur duyan aftafanın
məğrur duruşu
Bura həbsxanadır.
Və ora həbsxana deyil?


***

Aman Allah!
O boyda azadlığı
Bir qara pula satıb da
Burada siqaret qutusunun,
Kibrit çöpünün,
Bir atımlıq çayın üstündə
Qasırğa qoparan
Adamlara bax!


***

Əlinə girəvə düşmüşkən
Saçlarını günbəgün ağardan,
Alnına zol-zol qırışlar atan
Səni çörəkpulu, çaypulu dalınca
At kimi qovan,
Bəzən səni heç, it yerinə qoymayan
Zamanı öldür!
Yoxsa,
O burada da səni xırdalayıb
Axırına çıxacaq.
Əlinə girəvə düşmüşkən
Belini əymə onun qarşısında
Burası həbsxana!


***

Beyninin ağrısı sümüklərinə
Sümüklərinin ağrısı qarnına
Qarnının ağrısı
Unitaza töküləndən sonra
Evdə pula gedəsi
Nələrin qaldığını götür-qoy edib
Azadlığa çıxmaq haqqında
Arzular qurar
Narkoman.

***

Tərləyən pəncərə şüşələrinin
köynəyini tez dəyişin
mənim dörd divarım var
bir də yalnızlığım
siz küçələrin üzünü addımlarınızla qırxdığınız vaxt
mənim kağız gəmilərim
göz yaşlarınızın dənizində batacaq

* * *

zaman ki, xəyanətkar qadındı
bala-bala uzaq düşəcək sizdən
gün gələcək azadlıq turşusu da beləcə yetişəcək
məhbəslərin plastmas qapağını açıb
bizi çölə buraxacaqlar
saçlarımı küləyə,
vərəqlərimi dostlarıma buraxdığım gün
düşünməzdim ki,
məktəb yaşlı uşaqlar
gic-gic novruz şeirləri əzbərləyən vaxt
açılacaq qazamatımın qara qapısı

* * *

mənim zərlərim az gətirdi, bəlkə ömrüm də uzun olmadı
onlar tutacaq, onlar vuracaq, onlar öləcəklər
bilirəm, kimsə əbədi deyil
yenə görüşəcəyik
ucuz kafelərin kir bağlamış pəncərələrində günəş
daha uzaq, daha yad, daha yalnız görünəcək.

* * *

zaman avtobusunun əyləcini kim sıxdı
yenə arxa oturacaqlarda üsyan var
qəzet səhifələrində naməlum qətllər
hədiyyə qutularında oyuncaq atlar var
bilirəm, plastmas ayıcıqlar ayaq üstə ölür
bilirəm, yağış həmişə heykəllər üçün
vəhşi küləklər işıq dirəkləri üçün ölüm hökmüdü
mən qərar verdim:
bu gündən sonra
əllərimizdə oynatdığımız alışqanlar da
ölüm hökmü olsun əbədi buzlaqların

* * *

məktəb divarlarına yazdığımız eşq düsturlarının məchulu
zaman gəldi işıq pulu, qaz puluna çevrildi
olsun ki,
bizi unudacaqlar
bir payız axşamı qaranlıq parkda
yenə
keçən keçdi, güzəşt oldu itirdiklərimiz
yeni vətən uydurmağın vaxtı gəldi
mənim ölkəm qırmızı olacaq, adını azadlıq qoyacam
bayraq yerinə vərəqlərini asacam
qapıları açıq qoyacam, işıqları söndürməyəcəm
küçə pişiklərini müqəddəs elan edəcəm
bəlkə uşaqlar üçün də futbol meydançası tikdim.