Ceyhun Bayramov Skopyedə həmkarları ilə görüşdü - Fotolar

ceyhun-bayramov-skopyede-hemkarlari-ile-gorusdu
Oxunma sayı: 1279

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində ayrı-ayrılıqda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və İsveç Krallığının xarici işlər naziri Tobias Billström ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, nazir həmkarlarını postmünaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.

Ceyhun Bayramov ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib. 

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib.

Görüşlərdə ölkələr arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilir.