Ceyhun Cəfərov Mehdili kəndində səyyar qəbul keçirib - Foto

ceyhun-ceferov-mehdili-kendinde-seyyar-qebul-kecirib
Oxunma sayı: 1478

Oktyabrın 17-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Mehdili kənd inzibati ərazi dairəsinin Öyləqulu, Qoçulu, Mehdili və Dayıkazımlı kəndlərinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda giriş nitqi ilə çıxış edən Ceyhun Cəfərov ölkə Prezidentinin Sərəncamlarına əsasən Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini, kənd yolları yenidən qurulduğunu söyləyib.

Qəbulda iştirak edən kənd sakinləri kəndin pay torpaqlarını suvaran kanalın yenidən qurulmasını, istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi , ünvanlı dövlət sosial yardımın verilməsi, həmçinin kənddə yeni məktəb binasının və tibb məntəqəsinin inşasının zərurəti barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Sonda Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.