Daha bir uşaq qızılcadan vəfat etdi - Yenilənib

daha-bir-usaq-qizilcadan-vefat-etdi
Oxunma sayı: 6136

Sabirabad rayonunda 1 yaşlı uşaq vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub.

Körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-ə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.

Dövlət qurumları qızılca peyvəndi olmayan şəxslərin bu xəstəliyi ağır keçirdiyini və peyvəndləmənin mütləq olduğunu bildirirlər.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı noyabrın 30-da saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib: “Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı dekabrın 1-də saat 00:15 radələrində vəfat edib. Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.