Məlum olduğu kimi, xaricdə təhsil alanların diplomlarının tanınması üçün tələblər müəyyənləşib. Bu, Nazirlər Kabinetinin "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydası”nda öz əksini tapıb.
Bəs yeni tanınma qaydalarının üstünlükləri nədir?
“Qafqazinfo” xəbər verir ki, yeni qaydalarla xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınacaq. Həmin şəxslərin kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlar təhsillərinin qalan hissəsini yerli ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar.
Orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb) və magistratura səviyyələri üzrə xarici diplomların tanınması zamanı təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin minimum yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələb olunacaq.
Yeni qaydalara əsasən, xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq.
Yalnız xarici bakalavr və magistr diplomları deyil, həmçinin xarici ölkələrdə əldə edilən tam orta təhsil haqqında attestat və kollec diplomları da tanınacaq.
Tanınma haqqında şəhadətnamələrin elektron formada (gücləndirilmiş e-imzalı) verilməsinə başlanılacaq.
Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər.