Xaricdə təhsil alanların diplomlarının tanınması üçün tələblər müəyyənləşdi

xaricde-tehsil-alanlarin-diplomlarinin-taninmasi-ucun-telebler-mueyyenlesdi
Oxunma sayı: 9061

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqinə (tanınma) dair tələblər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydası”nda əksini tapıb. Yeni qaydaya əsasən tanınma akademik və peşə kimi növlərə bölünür. Şəxs müraciətində tanınmanın məqsədini göstərməlidir.

Yeni qaydaya əsasən:

- Akademik tanınmada şəxsə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququ verilir.

- Şəxsin təhsil haqqında sənədi akademik baxımdan tam məqbul hesab edilmədikdə ona imtina verilmir, başqa alternativ tanınmalar təklif edilir. Məsələn, xaricdə natamam ali təhsil almış tələbələrin təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün qismən tanınır, yaxud ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə iştirak etməklə, mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq üçün şərti tanınır.

- Peşə tanınmasında Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə tətbiq edilir və şəxsə müvafiq peşə istiqamətinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilir. Bu məqsədlə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək sınaq imtahanında iştirak etmək tələb olunur.

- Tanınmaya dair ümumi tələblər mövcuddur, məsələn, təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçməsi, sənədin həqiqi olması, ölkənin kvalifikasiyalar çərçivəsində yeri.

Qərara görə aşağıdakı hallarda tanınmadan imtina edilir:

- ümumi tələblərə riayət olunmadıqda;

- ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;

- sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.

Qərara əsasən aşağıdakı sadalanan hallarda peşə tanınması məqsədilə sınaq imtahanlarının həyata keçirilməsi tələb edilmir:

1. Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar;

2. Nazirliklə xarici ölkələrin müvafiq dövlət qurumları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar;

3. Beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar;

4. Dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə ali təhsil üzrə əldə etdikləri kvalifikasiyalar;

5. “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.