Dostunun böyrəyini arvadına köçürtdürmək istədi - 17 min manat itirdi

dostunun-boyreyini-arvadina-kocurtdurmek-istedi
Oxunma sayı: 971

Səbail Rayon Məhkəməsində Ağdam sakini 1977-ci il təvəllüdlü Xəyyam Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, əvvəllər məhkum olunmuş 48 yaşlı şəxs bu dəfə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə mühakimə edilib.

Bildirilib ki, o, Malik adlı tanışına böyrəyini 20 min manata satacağını vəd edərək, 17 min manatdan artıq pul alıb. Lakin Xəyyam son anda fikrini dəyişdirərək böyrəyini verməyib.

Malik Məmmədov ifadəsində bildirib ki, Xəyyamın böyrəyini dializ xəstəsi olan arvadına köçürtdürmək istəyib: “2024-cü ilin fevralında fəhlə kimi işlədiyi Səbail rayonu 20-ci sahə ərazisində yerləşən qardaşımın obyektində olarkən söhbət əsnasında Xəyyama həyat yoldaşımın dializ xəstəsi olduğunu bildirmişdim. Bundan sonra Xəyyam, guya, mənə kömək etmək üçün öz böyrəyinin birini həyat yoldaşıma əməliyyat yolu ilə təmənnasız verəcəyini və buna hazır olduğunu dedi. Bundan sonra Xəyyam və bacısı Kəmalə ilə birgə ailəvi görüşümüz oldu. Xəyyam hamının yanında bir daha böyrəyini verməyə hazır olduğunu təsdiq etdi.

Daha sonra həkimlərin məsləhəti ilə Xəyyamın müayinə edilərək ona məxsus böyrəyin həyat yoldaşıma əməliyyat yolu ilə köçürülməsi üçün Gömrük Hospitalında müayinələr keçirildi, uyğun gəldiyindən razılaşdıq. Xəyyam müxtəlif vaxtlarda məndən fərqli səbəblərdən pul istəyirdi. Ona ümumilikdə 17 109 manat məbləğində pul vermişəm. Lakin sonradan məlum oldu ki, Xəyyam müayinədən keçdikdən sonra Səhiyyə Nazirliyində izahat verərək böyrəyinin xanımıma əməliyyat yolu ilə köçürülməməsi üçün imtina kağızı yazıb. Bundan sonra ailə üzvlərimlə birgə Xəyyama və bacısı Kəmaləyə irad bildirərək verdiyimiz pulları tələb etdik. Lakin onlar pulları verməkdən imtina etdilər”.

Təqsirləndirilən şəxs Malikdən pul aldığını etiraf etsə də, pulları böyrək qarşılığında almadığını deyib: “Malik mənim tanışımdır, sonradan münasibətlərimiz nisbətən yaxınlaşdı. Bir gün söhbət zamanı məndən qan qrupumu soruşdu, lakin bunun səbəbini həmin an açıqlamadı, mən də əhəmiyyətsiz sual hesab etdiyimdən maraqlanmadım. Malikin yoldaşının dializ xəstəsi olduğunu sonradan bildim. Onun bunu uzun müddət gizlətməsi səbəbindən vəziyyətin mahiyyətini gec başa düşmüşəm. Malik mənimlə mütəmadi görüşərək müxtəlif məbləğlərdə, lakin böyrək müqabilində olmayıb, digər şəxsi ehtiyaclarla bağlı pul verib. Mən isə bunu maddi ehtiyaclarım fonunda edilmiş köməklik kimi qəbul etmişəm.

Malik məni həkim müayinələrindən keçməyə dəvət edərkən bunu dost köməyi kimi dəyərləndirdim və ilkin mərhələdə qorxu səbəbindən böyrəyin verilməsinə razılıq vermədim. Lakin sonradan risklərin olmadığını öyrənib tam könüllü olaraq, heç bir təmənna ummadan donorluğa razılıq verdim. Bu qərarımı rəsmi qaydada notariat şəhadətnaməsi ilə təsdiq etdirmişəm. Mənə verilmiş məbləğlər böyrək qarşılığında olmayıb və özüm heç vaxt belə tələb irəli sürməmişəm. Transplantasiya prosesi yalnız Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyi ilə həyata keçirilməyib. Mənim donor olmaq niyyətim isə Komissiyanın 28 avqust 2024-cü il tarixli iclasının videogörüntüsündə də birbaşa təsdiqini tapıb”.

Səbail Rayon Məhkəməsi Xəyyamın əməlində dələduzluq tərkibinin olmaması qərarına gəlib. Bu səbəbdən ona qeyd edilən maddə üzrə bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Xəyyam Əliyev ötən ilin dekabrından həbsdə idi.

Aslan Vəliyev